Prezident İlham Əliyev: Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır
Bu günlərdə ölkəmizdə milli radio və televiziya yayımının əlamətdar yubileyi qeyd olunur. 100 il bundan əvvəl Azərbaycan radiosunun efirə çıxması ilə başlayan bu yol çox şərəfli olub. 1926-cı il noyabrın 6-da ilk dəfə səslənən “Danışır Bakı”, 1956-cı il fevralın 14-də isə televiziya ekranlarından eşidilən “Göstərir Bakı” sözləri respublikamızın teleradio tarixində uğurlu başlanğıc olub.
Bu il hər iki qurumun əlamətdar yubileyidir - Azərbaycan radiosu 100, Azərbaycan televiziyası isə 70 yaşını qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev yubiley münasibətilə televiziya və radio işçilərinə təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı məktubunda hər iki kollektivin fəaliyyətini yüksək qiymətləndirib və teleradio işçilərinə yeni yaradıcılıq uğurları, tükənməz enerji və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Milli mətbuat və mədəniyyət tariximizin iki mühüm hadisəsi
Azərbaycan mətbuatı və mədəniyyəti bugünkü yüksək səviyyəyə çatanadək müxtəlif inkişaf mərhələlərindən keçib. Hər dövr də mətbuatımızda və mədəniyyətimizdə öz izlərini qoyub. Prezident İlham Əliyev məktubunda Azərbaycan radiosunun yaranmasını milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biri kimi dəyərləndirib. “1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi”, - deyə dövlətimizin başçısı bildirib.
Məhz Azərbaycan radiosunun ilk dəfə efirə çıxdığı gün ölkəmizdə Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Çox doğru olaraq Azərbaycan radiosu həm də xalqımızın bir əsrlik canlı audioarxivi kimi qiymətləndirilir. Ötən dövrdə hər evin, necə deyərlər, gözlənilən qonağına çevrilən sevimli radiomuz bir-birindən rəngarəng verilişlərlə milyonlarla dinləyicisi ilə həmsöhbət olub. Müxtəlif nəsillərin təmsilçiləri məhz Azərbaycan radiosunun təsiri ilə milli-mənəvi dəyərlərimizi əxz edib, özlərinin musiqi zövqünü formalaşdırıblaar. Xüsusilə də Azərbaycan radiosunun “Sabahınız xeyir”, “Axşam görüşləri”, “Bulaq”, “Vətən”, “Natəvan” qızlar klubu, “Lirika dəftərindən”, “Muğam saatı”, “Arzu” musiqi poçtu, “Yazıçı və zaman”, “Mahnı şəhəri gəzir”, “Teatr mikrofon qarşısında”, “Ana dili”, “Körpü”, “Ovqat”, “Elin sazı, elin sözü”, “Açıq-aşkar”, “Xudafərin”, “Sözün düzü”, “Baxış bucağı”, “Dünya”, “Pillə”, “Çevrə”, “Radio-atmaca”, “Molla Nəsrəddin”, “Yol”, “Yuva”, “Vaxt”, “Dan yeri” kimi dinləyicilərin ruhunu oxşayan verilişləri radio tariximizə əbədi həkk olunub. Onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır.
Sonrakı mərhələdə isə Azərbaycan televiziyası mətbuat və mədəniyyət tariximizə daxil olub. Azərbaycan televiziyası Şərqin ilk televiziyası olaraq 1956-cı ildən fəaliyyət göstərir. 1956-cı il fevralın 14-də Azərbaycan televiziyası mərhum sənətkar Nəcibə Məlikovanın “Göstərir Bakı!” sözləri ilə ağ-qara təsvirdə tamaşaçılarla görüşə gəlib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edib. Bir il sonra televiziyanın əhatə dairəsi genişlənərək Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb. 1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib. Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində dayandırılıb və rəqəmsal TV yayımına keçid tam başa çatdırılıb.
Hazırda Azərbaycanda kifayət qədər müasir texnologiyalarla təmin olunmuş və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətinə malik müstəqil teleradio şirkətləri fəaliyyət göstərir. 2020-ci il dekabrın 31-dən etibarən işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” , “İdman Azərbaycan”, “İctimai”, “CBC”, “CBC Sport”, “Real”, “Xəzər”, “Azad Azərbaycan” və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır. “Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadı və oynamaqdadır. Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Prezident İlham Əliyev bildirib.
Ulu Öndərin diqqət və qayğısı Azərbaycan teleradiosunun inkişafında xüsusi yer tutur
Məmnunluq hissi ilə qeyd edə bilərik ki, Azərbaycan radiosu və televiziyası zamanın dəyişən tələblərinə, yeni çağırışlara məharətlə cavab vermək iqtidarındadır. Buna həm güclü kadr potensialı, həm də müasir maddi-texniki təchizat imkan verir. Azərbaycan teleradiosunun hazırkı yüksək səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi”.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə respublikamızda teleradionun maddi-texniki bazasının möhkəmlənməsini, yayım arealının genişləndirilməsini daim qiqqət mərkəzində saxlayıb Məhz Onun güclü dəstəyinin nəticəsi olaraq 1985-ci ildə Azərbaycan televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla keçmiş ittifaqın mərkəzi televiziyasındakı çıxışlarına görə SSRİ miqyasında 4-cü yerə çıxmışdı.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da teleradionun inkişafına xüsusi həssaslıqla yanaşıb. Respublikamızda müasir Teleqüllə Kompleksinin yaradılması da Ulu Öndərin müstəsna səyləri sayəsində mümkün olub. 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə uyğun gəlmədiyi üçün keyfiyyətli radio-televiziya yayımının təşkilində çətinliklər yaradırdı. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanılıb. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında tikint? işləri başa çatdırıl?b. Bakı Teleqüllə Kompleksi Ulu Öndərin özünün iştirakı ilə 13 avqust 1996-cı ildə istifadəyə verilib. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.
Mübariz ABDULLAYEV