Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı zəfərlər son 200 illik tariximizin ən şanlı səhifələrini təşkil edir. Təsadüfi deyildir ki, Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqinin giriş hissəsində tarixi qələbələrimizin böyük önəminə xüsusi diqqət çəkib. “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Çətin şəraitdə qazanılan qələbələr - böyük güclərin müqaviməti xalqın birliyi ilə qırıldı
Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində pozulan ərazi bütövlüyünü təmin etmək məqamı 2020-ci ilin sentyabr ayında yetişdi. Həm düşmənə sarsıdıcı zərbələr endirməyə qadir olan Ordumuz var idi, həm də cəmiyyətin ovqatı torpaqların işğaldan birdəfəlik azad olunmasına köklənmişdi. Ölkədə məhz İlham Əliyevin rəhbərliyi dönəmində Vətənə, xalqa bağlı gənclik formalaşmışdı. Prezident İlham Əliyev məhz bu kimi amilləri nəzərə almaqla tələsmədən və gecikmədən ən doğru məqamı seçdi - 2020-ci il sentyabrın 27-də düşmənin keçmiş təmas xətti boyunca törətdiyi növbəti təxribatlara genişmiqyaslı əks-hücum əməliyyatları ilə cavab verilməsi barədə göstərişlərini verdi. Ali Baş Komandanın bütün tapşırıqlarını yerinə yetirən Ordumuz müharibə dövründə daim irəlilədi və cəmi 44 gün ərzində düşməni diz çökməyə məcbur etdi. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.
Güman etmək olardı ki, işğalçı Ermənistan 44 günlük müharibədəki açınacaqlı məğlubiyyətdən dərs alacaq və üçtərəfli bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək. Ancaq belə olmadı. Müharibə başa çatsa da, məğlub Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə tələsmədi və manipulyasiyalara əl atdı. Bəhs olunan üçtərəfli bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi hissələrini geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərində qalaraq separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdı. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz narahatlığını nəzərə çatdıraraq dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına, digər tərəflərə müraciət edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu əsaslandırıb. Rəsmi Bakı buna son qoyulmasını tələb edirdi.
44 günlük müharibədən sonra hələ də ərazilərimizdə mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribatlarını 2023-cü il 19 sentyabr tarixində törətdilər. Həmin təxribatlar və terror aktı nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli antiterror əməliyyatı uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
Bununla da 44 günlük müharibədə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan bütün ölkə ərazisində suverenliyini tam təmin etmiş oldu. Bu qələbələr Prezident İlham Əliyevin də bildirdiyi kimi çox çətin şəraitdə qazanılıb. Münaqişənin sülh yolu ilə həllinə cəlb olunan dünya gücləri ikili standartlar nümayiş etdirirdilər. İşğala məruz qalan Azərbaycana təzyiq göstərilirdi. Məqsəd isə işğal məhsulu olan keçmiş status-kvonun sonsuzluğadək saxlanılması idi. Prezident İlham Əliyev nitqində mühüm məqamları xatırladıb. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi. “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi”, - deyə dövlətimizin başçısı bildirib.
Qalib Azərbaycanın yaratdığı reallıqların region və dünya üçün böyük önəmi
44 günlük müharibənin və 23 saatlıq antiterror əməliyyatının nəticələrinin önəmini fərqli baxış bucaqlarından dəyərləndirmək mümkündür. Əvvəla, tarixi ədalət öz yerini tutdu. BMT-nin 30 il ərzində kağız üzərində qalan qətnamələri yerinə yetirildi, beynəlxalq hüquq bərpa olundu. Ermənistan rəhbərlərinin ambisiyalarına son qoyuldu. Təxminən üç onillik ərzində davam edən münaqişədə Ermənistanın əvvəlki rəhbərlərinin məsuliyyəti çox böyükdür. Onlar dəhşətli müharibə cinayətləri törədiblər və qatildirlər. Ancaq işğalçı dövlətin indiki rəhbərliyindən “sülh göyərçini” düzəltməyin də heç bir real əsası yoxdur. Təcavüzkar dövlətin indiki rəhbərliyi bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deməklə, Azərbaycan xalqının heysiyyatına toxunan digər belə fikirlər səsləndirməklə və 2018-2020-ci illərdə çoxsaylı təxribatlara rəvac verməklə əslində işğal, müharibə tərəfdarı olduğunu təsdiqləyirdi. Məhz Azərbaycanın yenilməz gücü, “Dəmir yumruq” Nikol Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə məcbur etdi.
Müharibənin və antiterror əməliyyatının nəticələrinin regional kontekstdə də əhəmiyyəti böyükdür. Cənubi Qafqaz coğrafiyası Ermənistanın işğalçılıq siyasətinə görə 30 il ərzində təhdid və müharibə riskləri ilə üz-üzə qalmışdı. Hazırda isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri yaranıb. Ötən il avqustun 8-də Vaşinqtonda yekun sülh sazişinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmasından sonra regionda real sülh şəraiti hökm sürür.
Azərbaycanın qələbələri həmçinin bütün dünya üçün nümunə sayıla bilər. Dünyada münaqişə regionları çoxdur. Eyni zamanda beynəlxalq hüquq işləmir. Belə bir şəraitdə Azərbaycan işğalla barışmamaq, ərazi bütövlüyünü, suverenliyini öz gücünə təmin etmək və müharibə səhifəsini bağlayıb gələcəyə baxmaq nümunəsi sərgiləyib. “Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV