Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.
Oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır.
Azərbaycan və Türkiyə bu məsələdə həmrəydir
Əslində, indiyədək dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur. BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.
Həqiqətən də, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir.
Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.
BMT-nin Baş katibinə birbaşa çağırış
Lakin Azərbaycana münasibətdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı 1993-cü ildə qəbul olunmuş dörd qətnamə 27 il kağız üzərində qaldı. 2020-ci ildə Azərbaycan öz gücü ilə həmin qətnamələrin icrasını təmin etdi. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabırn 1-də Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə də çıxışı zamanı bu məsələyə toxunmuşdu və BMT Baş katibi Antonio Quterreşin iştirak etdiyi həmin tədbirdə dövlətimizin başçısı bəyan etmişdi: “Təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu, həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə ölkə başçısı çıxışında vurğulayıb.
Göründüyü kimi, dünyada nüfuzunun yüksəlməsi, münaqişələrin həllində təsirli imkanlara malik olması və ikili yanaşmalara son qoyulması üçün BMT strukturlarında islahatların aparılması zərurətdir. Bir sözlə, bu gün mühüm qlobal çağırışlardan biri də BMT strukturlarında islahatların aparılmasıdır. Azərbaycan bu çağırışı ən fəal dəstəkləyən dövlətlərdən biridir.
Nardar BAYRAMLI