Ermənistan üçün xilas yoludur
Rəsmi İrəvan sülh istiqamətində addımlarını sürətləndirməlidir
Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi siyasi davranış modeli beynəlxalq münasibətlər sistemində nadir və diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilir. Tarixən müharibələrdən qalib çıxan dövlətlərin məğlub tərəfi siyasi və iqtisadi təzyiqlər altında saxlamağa çalışması tez-tez rast gəlinən praktika olub - Azərbaycan isə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra tamamilə fərqli bir yol seçdi. Bakı regionun əbədi sabitliyi və inkişafı naminə sülh, əməkdaşlıq və inteqrasiya xəttini prioritet elan etdi.
Müharibədən dərhal sonra irəli sürülən sülh təşəbbüsləri, sülh konsepsiyası, kommunikasiyaların açılması, regional iqtisadi əməkdaşlıq ideyaları Azərbaycanın strateji baxışının göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın illərlə üzərində formalaşmış “konfrontasiya bölgəsi” imicinin dəyişdirilməsini hədəfləyir. Bakı açıq şəkildə bəyan edir ki, region əməkdaşlıq və qarşılıqlı fayda məkanına çevriləcək.
Beləliklə, ölkəmizin 2020-ci ildə Cənubi Qafqazda yaratdığı yeni situasiya öz nəticəsini verməkdədir. 2025-ci ilin avqustunda Vaşinqtona baş tutan sammitdə paraflanan sülh sazişi nəticə etibarı ilə institusional şəkil almaqdadır. Bu, Ermənistanın siyasi rəhbərliyi tərəfindən də etiraf edilir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları buna dəlalət edir.
Paşinyan 400 illik sülhdən danışdı...
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. Ermənistan mediasının məlumatına görə, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Baş nazir dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, - Ermənistanın baş naziri bildirib.
Maneə aradan qaldırılmalıdır - Konstitusiya dəyişikliyi zəruridir
Qalib dövlət olan Azərbaycanın müəllifi olduğu sülh gündəliyi həm regionun, həm də ümumilikdə Avrasiyanın geostrateji imkanlarını genişləndirir. Bakı revanşist ritorikadan çıxış etməyərək, Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret strateji yol xəritəsi təqdim etdi və bu da nəticə etibarı ilə, bölgədə davamlı sabitlik üçün ilkin meyara çevrildi. Bölgənin inkişafının sülhdən asılı olduğu qədər, sülhün də bir çox təsirlərdən qorunmasına ehtiyac var. İlk növbədə bölgədə davamlı sabit vəziyyət yaratmaq üçün Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarına əsassız iddiadan imtina etməlidir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Başqa sözlə, daimi sülh üçün həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olmalıdır.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4,4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.
Qeyd edək ki, Paşinyan artıq aylardır ki, Konstitusiya dəyişikliyinin tərəfdarı kimi çıxış edir. O, bir neçə ay öncə bildirmişdi ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. İrəvanda keçirilən brifinqdə o, deyib ki, Müstəqillik Bəyannaməsi “münaqişə məntiqi üzərində qurulub” və bu məntiq əsasında müstəqil dövlət qurula bilməz. Paşinyan jurnalistlərə bu ay dərc olunması planlaşdırılan Ermənistan Konstitusiyasının yeni mətnindən Müstəqillik Bəyannaməsinin çıxarılması ilə bağlı mövqeyinin dəyişməyəcəyini vurğulayıb: “Bəli, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsindən bəhs edilməməlidir. Və niyə belə olduğunu izah edim: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə tabe ola və müstəqil dövlət qurmaq istəyə bilmərik”.
Amma Ermənistanın siyasi rəhbərliyi hələ də Konstitusiya ilə bağlı real addımlar atmır. Bu isə onların sözdə sülh üçün çalışdıqlarını deməyə əsas verir. Əgər həqiqətən də Paşinyan idda etdiyi kimi, 400 illik və daha uzunmüddətli sülhün tərəfdarıdırsa, ortadakı maneənin tez bir zamanda aradan qalxmasına iradə nümayiş etdirməlidir.
Konstitusiyanın dəyişməsi həm də psixoloji və ideoloji dönüş olacaq
Sülhün imzalanması isə Ermənistanda həm də illərlə ziyanlı təbilğatla doldurulmuş yalan ideologiyanı sıradan çıxaracaq. Qeyd edək ki, Nikol Paşinyan son illərdə ideoloji transformasiya zərurətinə toxunaraq “Real Ermənistan” konsepsiyasını irəli sürüb. Onun təqdim etdiyi yanaşma tarix mərkəzli emosional ideologiyadan praqmatik dövlətçilik modelinə keçidi nəzərdə tutur. Bu konsepsiyada suverenlik, təhlükəsizlik, iqtisadi inkişaf və vətəndaş məsuliyyəti prioritet kimi göstərilir. Dövlət anlayışının mifoloji təsəvvürlərdən deyil, beynəlxalq hüquq və real sərhədlərdən qaynaqlandığı vurğulanır. Başqa sözlə, ətraf dövlətlərə qarşı yalan iddiaların heç bir nəticə vermədiyi təsdiqlənir.
Beləliklə, Konstitusiyanın dəyişdirilməsi Ermənistan üçün yalnız hüquqi akt deyil, həm də psixoloji və ideoloji dönüş deməkdir. Bu dəyişiklik ölkəni uzun illər daxili və xarici siyasətdə məhdudlaşdıran narrativlərdən uzaqlaşdıra bilər. Eyni zamanda, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Konstitusiya dəyişikliyi və ardınca sülh müqaviləsinin imzalanması Ermənistan üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər. Bu addım ölkəni ideoloji buxovlardan azad edərək real dövlətçilik prinsiplərinə əsaslanan siyasətə yaxınlaşdıra bilər. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq layihələrində iştirak və qarşılıqlı etimad mühitinin formalaşması Ermənistanın uzunmüddətli maraqlarına uyğundur.
P.İSMAYILOV