Deputatlar 11 məsələni müzakirə ediblər
Oktyabrın 30-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 11 məsələ daxil edilib.
İlk olaraq “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Layihəyə əsasən, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq. Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq. Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək.
Parlament Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin hazırlanmasının əsas məqsədi müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini nəzərə almaqla, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır. Bu məqsədlə sözügedən Məcəllənin 2-ci əlavəsinə dəyişiklik edilərək, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.
İclasda, həmçinin “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsi (birinci oxunuş) qəbul olunub. 5 fəsil və 14 maddədən ibarət qanun layihəsinin əsas mahiyyəti ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsini sistemli şəkildə təmin etməkdən ibarətdir. Sənədə əsasən, hüquqi yardım iki istiqamət - ilkin və peşəkar hüquqi yardım üzrə göstərilir. İlkin hüquqi yardıma normativ-hüquqi aktlar, dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin vəzifələri barədə məlumatlandırma, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməyin göstərilməsi aiddir. Peşəkar hüquqi yardım cinayət işlərində, mülki və inzibati mübahisələrdə, habelə digər dövlət orqanlarında şəxsin müdafiə və təmsil olunma hüquqlarını əhatə edir.
Pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə edilir. Habelə layihəyə əsasən, paraleqallar institutu yaradılır. Bununla yanaşı, sənəddə pro-bono hüquqi xidməti olaraq pulsuz hüquqi yardım göstərilən şəxslərə ictimai fayda naminə ödəniş tələb edilmədən vəkillər tərəfindən ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.
İclasda “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Qeyd edilib ki, layihə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Diqqətə çatdırılıb ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsinin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.
Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları təsbit edilir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, layihədə məlumat verən şəxslərin və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, onların məlumatlarının konfidensiallığının qorunması, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək kimi hüquqları müəyyən edilib. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi nəzərdə tutulub.
Qeyd edək ki, iclasda gündəlikdə olan digər qanun layihələri də qəbul edilib. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının noyabrın 3-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI