Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qağayı” tamaşasına baxıblar. Tamaşanı Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı - Avropa Teatrı Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində təqdim edib. Səhnə əsəri Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanıb. “Qızıl maska” da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi “Qağayı” klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə üzvləri ilə birlikdə teatra gedib burada səhnə əsərini izləməsi günümüzün reallıqları fonunda diqqət çəkən hadisədir. İnternetin həyatımıza daxil olduğu, cib telefonlarının dünyanı ovcumuza daşıdığı, sosial şəbəkələrin insanların maraq dairəsini fərqli istiqamətlərə çəkdiyi bir dövrdə bədii əsərlərə, o cümlədən də teatra, tamaşalara marağın əhəmiyyətli dərəcədə azaldığını təəssüf hissi ilə müşahidə edirik. Halbuki teatrlar həm yaşlı, həm də gənc nəsil üçün bir məbəddir, örnək məktəbidir. Teatrsız cəmiyyətin mədəni səviyyəsini təsəvvür etmək belə mümkün deyil. Onilliklər boyunca insanlar məhz tamaşaları, filmləri izləməklə, dünya ədəbiyyatının seçilmiş nümunələrini mütaliə etməklə tərbiyələniblər, dünyagörüşlərini genişləndiriblər, inkişaf ediblər.
Həmçinin Azərbaycanda da gözəl ənənə formalaşmışdı - ailələr, dostlar ən özəl günlərini fərəhləndirmək, yaddaqalan etmək üçün teatrlara gedərdilər. Teatrlarımızda hər yeni səhnə əsərinin premyerası anşlaqla keçərdi. Bu, uzun müddət yaddaşlarda qalan böyük təəssürat yaradırdı, insanlara nəciblik, aristokratlıq kimi hisslər aşılayırdı. Tamaşalardan sonra səhnə əsərlərinin uzun müddət davam edən müzakirələri isə xüsusilə də gənclərdə təhlil bacarığını inkişaf etdirir, onlara yaxşı ilə pisə qiymət verməyi öyrədirdi. Təsadüfi deyildir ki, hər yeniyetmənin, hər gəncin oxşamaq istədiyi bir müsbət bədii qəhrəmanı olurdu və həmin qəhrəmanı həyatının mayakı sanırdı.
Bu kontekstə Mehriban xanım Əliyevanı ailə üzvləri ilə birlikdə tamaşa izləməyə gətirən adi tamaşaçı marağı deyil. Bu teatra münasibətdir, teatrın təbliğidir. Cəmiyyətimizdə teatra azalan marağı canlandırmaqdır, teatrın yaşamına yeni impuls verməkdir.
Mehriban xanım Əliyeva nüfuzlu ictimai-siyasi xadimdir. Cəmiyyətdə böyük hörmətə malikdir. Xalq, Azərbaycanın hər bir ailəsi onu sevir, onu işıqlı ziyalı, gözəl, nəcib, ənənələrə sadiq, eyni zamanda, müasirliyə açıq olan, səsi yüksək tribunalardan gələn Azərbaycan qadınının simvolu kimi qəbul edir. Beləliklə, Mehriban xanım Əliyevanın teatra gəlməsi onun indiyədək sərgilədiyi fəaliyyəti ilə insanlara ötürdüyü müsbət mesajların davamıdır. O bununla cəmiyyətə əvəzi olmayan teatr ənənəsinin bərpasının zəruriliyini çatdırır. Özü yenə öndə olur, ilk addımı atır. Və şübhə yoxdur ki, onun atdığı addım geniş bir hərəkata çevriləcək, teatrlarımıza yenidən axın başlayacaq.
Yeri gəlmişkən, cari il iyun ayının əvvəlində - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər. Bu əsər də bütün dünyada məşhurdur. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.
Ümumiyyətlə, biz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətinin timsalında zəngin mədəniyyətimizə, o cümlədən də teatrlarımıza böyük qayğının şahidi oluruq. Azərbaycanda mədəniyyətə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Öz növbəsində Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr bu siyasətə güclü şəkildə dəstək olur. Sənət adamları, mədəniyyət ocaqları, xalçalarımız, muğamlarımız, təsviri incəsənətimiz Mehriban xanım Əliyevanın timsalında özlərinin böyük, cəfakeş hamilərini tapıblar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun dövlətin mədəniyyət siyasətinə dəstəyi yalnız ölkə daxilində məqsədyönlü proqramları reallaşdırmaqla məhdudlaşmır. Fond Mehriban xanım Əliyevanın səyləri sayəsində respublikamızın hüdudlarından kənarda da zəngin mədəniyyətimizin dünya miqyasında tanıdılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cari il iyulun 18-də Budapeştdəki Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib. Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.
2026-cı il 29 sentyabr tarixində Leyla Əliyevanın və Alyona Əliyevanın iştirakı ilə Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə təqdim olunan üç xalça Azərbaycanın tolerantlıq mühitini, xalqımızın bəşəri dəyərlərə sadiqliyini əks etdirən unikal bədii triptix kimi dəyərləndirilib.
Bu qəbildən olan layihələrin sayı kifayət qədər çoxdur. Xalçalarımız müxtəlif ölkələri gəzir və Azərbaycanın qədim, zəngin mədəniyyət məkanı olduğunu dünyaya tanıdır. Bu, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın hər bir azərbaycanlıda sonsuz qürur hissi doğuran, gənclərin vətənpərvərlik hisslərini gücləndirən, bizi ənənələrimizə, mədəniyyətimizə, tariximizə daha möhkəm bağlayan müstəsna missiyasıdır.
Mübariz ABDULLAYEV