Prezident İlham Əliyev Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev nüfuzlu din xadimlərinin iştirakı ilə regionumuzda həyata keçirilən dinlərarası dialoqun önəmini vurğulayıb və bunun regionda qarşılıqlı anlaşmaya, əməkdaşlığa və təhlükəsizliyin bərqərar olunması baxımından böyük imkanlar yaratdığını qeyd edib. Dövlətimizin başçısı Gürcüstan Patriarx Katalikosu II İlyanın Bakıda keçiriləcək “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransında iştirakının əhəmiyyətini vurğulayıb və onun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstan Patriarx Katalikosu II İlya gürcü Pravoslav kilsəsi, gürcü xalqı və şəxsən öz adından dövlətimizin başçısını salamlayaraq deyib: “Bir daha demək istəyirəm ki, Gürcüstanda Sizi yaxşı tanıyırlar və yaşadığımız mürəkkəb dövrdə yeritdiyiniz müdrik siyasətə görə Sizi sevirlər”.