Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olublar.
Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması baxımından müstəsna önəm daşıyır. Bunun əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı Sərəncam imzalayıb. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda abidə üçün yer müəyyənləşdirib.
Prezident İlham Əliyev və xanımı əvvəlcə abidənin hazırlanacağı emalatxanaya gedərək işlərin gedişi ilə maraqlanıblar.
Abidənin müəllifi heykəltəraş Tokay Məmmədov dövlətimizin başçısına və xanımına iki variantda hazırlanmış abidənin maketi əsasında məlumat verib. Bildirilib ki, xalq qəhrəmanı Koroğlunun abidəsi igidlik və qəhrəmanlıq elementləri ilə yanaşı, özündə Vətənə və xalqa sədaqət hisslərini birləşdirəcək. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində abidənin müstəsna əhəmiyyətinin olacağı vurğulanıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ucaldılacağı parka gəliblər. Burada həyata keçiriləcək işlər barədə də dövlətimizin başçısına və xanımına məlumat verilib.
Ərazi ilə tanış olan Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.