Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin önündən keçib. Səfir Arturo Duarte Ortiz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında BMT çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu vurğulayıb.
Siyasi sahədə münasibətlərimizin səviyyəsindən razılığını bildirən Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin, qarşılıqlı ticarət əlaqələrinin qurulması üçün imkanların araşdırılmasının zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın inkişaf etdirilməsi üçün xalqlarımızın arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyini bildirib. Səfir Arturo Duarte Ortiz Qvatemala Respublikasının Prezidenti Alvaro Kolom Kabayerosun salamlarını dövlətimizin başçısına çatdırıb. Qvatemalanın Azərbaycan ilə siyasi münasibətlərinin razılıq doğurduğunu deyən səfir ölkələrimiz arasında digər sahələrdə də yaxşı əlaqələr qurmaq üçün əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyini qeyd edib.
Prezident İlham Əliyev Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qvatemala dövlətinin başçısına çatdırmağı xahiş edib.