Azərbaycanlı könüllülər COP31-də

Türkiyənin Antalya şəhərinin ev sahibliyi etdiyi dünyanın ən mötəbər iqlim sammiti olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində gənclərin fəallığı xüsusi diqqət çəkir. Bakıda uğurla baş tutan COP29-un zəngin təşkilatçılıq ənənələrini və təcrübəsini beynəlxalq arenada davam etdirən azərbaycanlı könüllülər qlobal iqlim hərəkatının ön sıralarında yer alıblar.

Beynəlxalq seçim prosesi kifayət qədər gərgin və rəqabətli mərhələlərdən ibarət olub. BMT xətti ilə aparılan seçim turları may ayından start götürərək oktyabradək davam edib. Qlobal miqyasda çoxmərhələli müsahibələri və 60-dan çox xüsusi təlim sessiyasını uğurla başa vuran təxminən 5 min gənc könüllü COP31-də fəaliyyət göstərmək hüququ qazanıb. Onların sırasında yüksək hazırlıq səviyyəsi ilə seçilən azərbaycanlı gənclər də var.

AZƏRTAC xəbər verir ki, onlardan biri Bakıda ingilis dili müəllimi işləyən Aida Zahidzadədir. O, seçim mərhələsinin məsuliyyətindən və bu missiyanın daşıdığı mənəvi dəyərdən bəhs edərək deyib: “COP-un mahiyyəti çox böyükdür, çünki bu platforma iqlim ədalətsizliyinə qarşı qlobal mübarizə meydanıdır. BMT tərəfindən may ayında startı verilən seçim prosesi - müsahibələr və 60 təlim dərsi olduqca əhatəli idi. Nəticələri oktyabrda öyrəndik”.

Aida Zahidzadə qeyd edib ki, COP29 təcrübəsindən sonra Türkiyədə azərbaycanlı könüllüləri təmsil etmək, konfransın son gününə - noyabrın 20-nə qədər bu missiyanı şərəflə yerinə yetirmək onun üçün böyük qürurdur.

Türkiyədə təhsil alan Səadət Əlizadə isə COP31 məkanında Azərbaycan pavilyonunun xüsusi maraqla qarşılandığını vurğulayıb: "Burada əsas vəzifəmiz gələn qonaqları məlumatlandırmaq və düzgün istiqamətləndirməkdir. Müxtəlif xalqları, dinləri və mədəniyyətləri vahid məqsəd ətrafında görmək çox xoşdur. Xüsusilə tədbirdə Azərbaycan stendi üçün geniş ərazinin ayrılmasından və ölkəmizin yüksək səviyyədə təmsil olunmasından bir azərbaycanlı gənc olaraq böyük qürur duydum”.

Bakı Ali Neft Məktəbinin yetirmələri də azərbaycanlı könüllülər arasındadır. Təhsil ocağının 5-ci kurs tələbəsi Mələkxanım İsmayılova könüllülük ruhunun coğrafi sərhəd tanımadığını bildirib. Onun sözlərinə görə, dünyanın dörd bir yanından gələn həmyaşıdları ilə planetin gələcəyi naminə çiyin-çiyinə çalışmaq unudulmaz təcrübədir. “COP-un ideoloji mahiyyəti harada keçirilməsindən asılı olmayaraq eynidir. Hər birimiz eyni planetin və ümumi iqlimin qorunması üçün səy göstəririk”, - deyə azərbaycanlı tələbə əlavə edib.

Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisası üzrə məzunu Aytac Əsgərova isə məsələnin elmi tərəfinə diqqət çəkib: "İxtisasım kimya mühəndisliyi olduğu üçün iqlim dəyişikliyi və ekoloji dayanıqlılıq mövzusu mənim üçün həm də peşəkar zərurətdir. Məhz bu sahədə qlobal çağırışların bir parçası olmaq və 45 min nəfərlik nəhəng seçim süzgəcindən keçərək burada təmsil olunmaq böyük etimaddır”.

Azərbaycanlı gənclər COP31 tədbiri başa çatanadək konfransın müxtəlif əməliyyat zonalarında xidmətlərini davam etdirəcək, həm qlobal iqlim gündəliyinə öz töhfələrini verəcək, həm də ölkəmizin gənclər potensialını beynəlxalq auditoriyaya layiqincə nümayiş etdirəcəklər.