Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luc Truyensin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Luc Truyens etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarının olduğunu deyib, qarşıdakı illər ərzində bu sahədə daha fəal əlaqələr qurulacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Diplomat Luc Truyens Belçika Kralı II Albertin salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirib.
Azərbaycan Prezidenti Belçika Kralı II Albertin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belçika dövlətinin başçısına çatdırmağı xahiş edib.