Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales-Aller Xuradonun etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kristobal Qonsales-Aller Xurado etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini deyən Prezident İlham Əliyev səfir Kristobal Qonsales-Aller Xuradonun ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan-İspaniya münasibətlərinin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının möhkəmlənməsi baxımından da önəmini vurğulayıb.
Dövlətimizin başçısı səfirə gələcək fəa
liyyətində uğurlar arzulayıb.
Səfir Kristobal Qonsales-Aller Xurado ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi, siyasi sahələrdə əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın İspaniyada səfirliyinin fəaliyyət göstərməsinin önəmini vurğulayan Kristobal Qonsales-Aller Xurado ölkəsinin yaxın zamanlarda iqamətgahı Azərbaycanda olmaqla diplomatik nümayəndəliyinin fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. İspaniyalı diplomat ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.