Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb. O, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.
"Qələbəmi 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar", - deyə həmyerlimiz söyləyib.
Qeyd edək ki, Avropa çempionatına 7 boksçu ilə yollanan milli komanda yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb.