Beynəlxalq iqlim öhdəliklərinə əsasən...

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədi hazırlanıb

Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib. Sənəd beynəlxalq hüquqi konvensiyaların, o cümlədən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin tələblərinə əsasən hazırlanıb.

Strategiya sənədinə əsasən, 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsi nəzərdə tutulur. Bu hədəfə nail olunması məqsədilə İqtisadiyyat Nazirliyinə ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etmək tapşırılıb. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar qarşısında müvafiq tədbirlərin görülməsi üçün konkret vəzifələr müəyyənləşdirilib.

Xalis Sıfır Emissiyası hədəfləri

Azərbaycan hökuməti beynəlxalq Qlobal Qiymətləndirmə İcmalı (QQİ) Paris Sazişinin hədəflərinə çatmaq üçün mövcud səylərin əhəmiyyətli olduğunu, lakin qlobal istiləşməni 1,5° C səviyyəsində saxlamaq kifayət etmədiyini və QQİ-nin əsas tövsiyələrinə riayət etməkdə qərarlı olduğunu bəyan edir. QQİ-nin nəticələri fonunda Azərbaycan istilik effekti yaradan qalıq yanacaq emissiyalarını azaltmaq üçün daha iddialı hədəflər müəyyən edib. Bu məqsədlə müəyyən edilmiş hədəf çərçivəsində bərpaolunan enerji sektorunda imkanların artırılması, elektrikləşdirmə strategiyalarının işlənib hazırlanması, binalarda, sənayedə və nəqliyyat sektorlarında enerji səmərəliliyinin yüksəldilməsi, xüsusilə iqlimlə əlaqəli hadisələrə daha çox həssas olan icmalar üçün inklüziv uyğunlaşma strategiyalarına diqqət yetirilməsi əsas prioritetlər hesab olunur.

Xalis Sıfır Emissiyası hədəfinə nail olmaq üçün Azərbaycan Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strateji Baxışını (UAKİS) müəyyən edib ki, bu yanaşma 2035-ci ilə qədər emissiyaları 40 faiz azaltmaq, 2060-cı ilə qədər isə xalis sıfır emissiya səviyyəsinə çatmağa nail olmaq üçün hərtərəfli dekarbonizasiya planını müəyyən edir. Bu plan enerji, binalar, neft və qaz, nəqliyyat, sənaye, tullantılar və kənd təsərrüfatı, meşə təsərrüfatı və digər torpaq istifadəsi daxil olmaqla bütün sektorları, istixana qazlarını, yəni karbon qazı, metan, azot oksidi və sənaye qazlarını əhatə etmək məqsədilə hazırlanıb.

Binalarda “kombi” əvəzinə, elektrik nasosları quraşdırılacaq

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində UAKİS Baxışında əsas tələblərdən biri təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsidir. Bu, həm yaşayış binalarında, həm də inzibati və sənaye sahələrində qazla işləyən qurğuların, məsələn kombi avadanlıqlarının elektriklə əvəzlənməsi deməkdir. Belə ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına və elektrik sobalarına keçid hədəfi müəyyənləşib. Yeni binalar üçün elektrik istilik nasoslarının quraşdırılması, istilik nasoslarını işlətmək üçün bərpaolunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılması tədricən həyata keçiriləcək. Həmin müddətədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək. Hesablamalara görə, yeni elektrikli nasoslara keçid təxminən 2,1 milyon yaşayış evini və 10,1 milyondan çox sakini, 0,5 milyon kommersiya, institusional və sənaye binasını əhatə edəcək.

Ümumilikdə, bütün binalarda 2060-cı ilə qədər elektrikli istilik nasoslarının payının 100 faizə çatdırılması nəzərdə tutulur.

“Yaşıl iqtisadiyyat”a keçid üçün mühüm töhfə

Dekarbonizasiya tədbirləri çərçivəsində hidrogen, enerji sektoru üçün daha təmiz enerji həlləri təklif olunacaq. Xüsusilə də, külək enerjisi istehsalını genişləndirmək üçün səylərin sürətləndirilməsi ilə başlanması gözlənilir. Eyni zamanda, artan elektrik enerjisinə tələbatı ödəmək və daha çox bərpaolunan inteqrasiyanı dəstəkləmək üçün Ötürmə və Paylama (T&D) sistemi təkmilləşdiriləcək. Bu tədbirlərlə yanaşı, mavi hidrogen istehsalına da kömək edəcək zavodlar və alternativ enerji infrastrukturunun inkişafı, qabaqcıl saxlama batareyası texnologiyalarının yaradılması təmin olunacaq.

Hökumət hesab edir ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədinin icrası iqlimlə əlaqəli risklərin azaldılmasına və ətraf mühitin dayanıqlılığına, eləcə də iqtisadi şaxələndirməyə mühüm töhfə verəcək. Yaşıl texnologiyalara və dayanıqlı təcrübələrə investisiya qoyuluşu isə yeni gəlir mənbələri yarada və iş yerlərinin açılmasına təkan verə bilər. Bu strategiya, eyni zamanda, “yaşıl iqtisadiyyat”a keçidi, aşağıkarbonlu gələcəkdə meydana gələcək sənaye sahələrində innovasiya və inkişaf imkanlarını təmin edəcək, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini gücləndirəcək.

E.CƏFƏRLİ