Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,1 faiz artıb
2026-cı ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə iqtisadi fəallıq artıb və bu dinamika fiskal yığımlara mühüm təsir göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ötən 10 ayda 16 milyard 65,2 milyon manat vergi toplanıb ki, onun 11 milyard 776 milyon manatı qeyri-neft-qaz sektoruna aiddir. Qeyd edilən sektordan vergi daxilolmalarının həcmi büdcədə nəzərdə tutulan proqnozdan 297,4 milyon manat çoxdur. Eyni zamanda, 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 364,6 milyon manat və ya 13,1 faiz artıb.
Sosial sığorta daxilolmaları 5,6 milyard manatı ötüb
Qeyri-neft sektorundakı artım digər yığım mənbələrində də özünü göstərib. Belə ki, yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 849,3 milyon manatdan çox olub, proqnozdan əlavə 20,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 570,9 milyon manata yaxın təşkil edib.
50 milyarddan 90 milyard manata çatan əlavə dəyər
Hazırda qeyri-neft ÜDM-in həcmi cəmi ölkə üzrə yaradılan əlavə dəyərin (illik) təxminən 90,2 milyard manatına bərabərdir. Halbuki bu rəqəm, 2020-ci ildə 50,8 milyard manat təşkil edirdi. Cəmi 5 il ərzində (2026-cı il nəzərə alınmadan) bu sektorda təxminən 70 faizlik artım baş verib. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir və iqtisadi genişlənmə qeyri-neft drayverləri olan istehsal, sənaye, turizm, xidmət və innovasiyalar, tranzit daşınmaları üzrə təmin edilməkdədir. Son illərdə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb. Bu, onu göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq - yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyub, ölkə artıq təkcə neft gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür.
Qeyri-neft ÜDM-nin ilin sonunda 100 milyard manata çatacağı gözlənilir
Qeyd edək ki, hökumət bir müddət əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, sənəddə qeyri-neft sektoru üzrə artımın ilin əvvəlində tərtib edilmiş cari gözləntilərdən daha yüksək olacağı fərz olunur.
Hökumətin ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ölkə üzrə orta illik artımın 3,3 faiz təşkil edəcəyi gözlənilir ki, inkişaf dinamikasında qeyri-neft-qaz sektoru üzrə temp 4,4- 4,5 faiz olacaq. Qarşıdakı 4 ildə inkişafın əsas əlavə dəyər yaradan sütunları kimi qeyri-neft mənbələri nəzərdə tutulub. Ortamüddətli dövrün ssenarilərinə əsasən, 2027-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı nominal ifadədə 109,1 milyard manat təşkil edəcək. Bu, faiz nisbəti ilə iqtisadi dəyərin 77,4 faizi deməkdir. 2028-ci ildə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisinin 118,3 milyard manata və ya 80,2 faizə, 2029-cu ildə 128,1 milyard manata və 80,8 faizə çatacağı fərz olunur. 2030-cu ildə isə proqnozlaşdırılan cəmi 169,1 milyard manat həcmində ÜDM-in 138,6 milyard manatın qeyri-neft yığımlarına söykənəcəyi gözlənilir. Bu, faiz göstəricisi ilə ÜDM-in 82 faizi deməkdir. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını təsdiqləyir.
Beynəlxalq maliyyə institutlarının investisiyaları 4 dəfədən çox artıb
2026-cı ilin ötən aylarında beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycana kaptal qoyuluşları da artıb. Ölkə iqtisadiyyatına qeyri-suveren maliyyələşdirmə 185 milyon dollara çatıb və bu, ötən ilin eyni dövründəki 42 milyon dollarla müqayisədə 4,4 dəfə çoxdur. Artım Avropa Yenidənqurma və İnkişaf Bankının, OPEC Beynəlxalq İnkişaf Fondunun, Asiya İnfrastruktur İnvestisiya Bankının və Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) iştirakı ilə zəmanət və infrastruktur əməliyyatlarının artırılması sayəsində təmin edilib. Hesabat dövründə həyata keçirilən ən böyük əməliyyatlardan biri Avropa Bankının “AccessBank”a təqdim etdiyi, limiti 75 milyon avroyadək (təxminən 86 milyon ABŞ dolları) olan portfel zəmanətidir. Zəmanət kiçik və orta biznesə (KOB) verilən borclar üzrə kredit riskinin 50 faizlik hissəsini əhatə edir.
Bundan əlavə, 2026-cı ilin ötən dövründə Asiya İnfrastruktur İnvestisiya Bankı Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 45 milyon dollaı həcmində kredit yönəldərək, ilk dəfə olaraq Azərbaycanın su sektorunda layihəni təsdiqləyib. 40 milyon dollar məbləğində borc ayıran OPEC Fondu da bu layihənin birgə maliyyələşdirilməsinə qoşulub. Qeyd olunan təşəbbüslər hesabına üçüncü rüb ərzində regionun su təsərrüfatı sektoruna beynəlxalq maliyyə təşkilatlarının yatırımları 85 milyon dolları təşkil edib.
E.CƏFƏRLİ