Vergi Məcəlləsinə növbəti əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Dəyişikliklərlə bağlı layihə Milli Məclisə təqdim olunub. İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov bildirib ki, layihə yerli istehsaldan, xidmət ixracından və turizm sahəsində əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisi güzəştlərini, mikro sahibkarlıq subyektləri statusundan böyüyən müəssisələr, həmçinin davamlı fəaliyyət göstərən kiçik sahibkarlar üçün təşviqləri nəzərdə tutur. Eyni zamanda, bir sıra sahələrdə, o cümlədən səhiyyə və kənd təsərrüfatında tətbiq olunan vergi güzəştlərinin müddətinin uzadılması da layihədə əksini əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisi güzəştlərini, mikro sahibkarlıq subyektləri statusundan böyüyən müəssisələr, həmçinin davamlı fəaliyyət göstərən kiçik sahibkarlar üçün təşviqləri nəzərdə tutur. Eyni zamanda, bir sıra sahələrdə, o cümlədən səhiyyə və kənd təsərrüfatında tətbiq olunan vergi güzəştlərinin müddətinin uzadılması da layihədə əksini tapıb.
Biznes mühitinin gücləndirilməsi, investisiya fəallığının təşviqi
Növbəti ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etməkdir. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.
Vergi siyasətində prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.
Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Vergi ödəyicilərinə münasibət yumşaldılacaq
Gələn il vergi siyasətində prioritetlərdən biri də vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqidir. Bu plana əsasən, vergi borclarının idarəolunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi nəzərdə tutulur. Bu kursa əsasən, vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətin bir qədər yumşaldılması nəzərdə tutulur. Belə ki, vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlər müəyyən ediləcək. Bundan əlavə, müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi də nəzərdən keçiriləcək.
Mobil telefonlar POS-terminal hesab ediləcək
Növbəti ildə vergi ödənişlərində rəqəmsal ödəniş kanallarının genişləndirilməsi də əsas prioritetlərdən biri olacaq. Elektron ticarət ödənişlərinin optimallaşdırılması çərçivəsində vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən vergi tutulmasına nəzarət artırılacaq. İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsinə görə, mütləq vergi uçotuna alınacaq. Həmçinin, “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, POS-terminal ödənişinin tətbiqi sırasına mobil telefonlar da daxil ediləcək. Belə ki, lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil xidmət alan telefon aparatı və digər son avadanlıqlar da POS-terminal sayılacaq, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün istifadə olunacaq.
Növbəti illərdə ölkədə rəqabətqabiliyyətli və innovasiyayönümlü biznes mühitinin formalaşdırılması istiqamətində İKT sektoru, startaplar, həmçinin yüksəkixtisaslı kadrlar üçün daha elastik vergi siyasətinin həyata keçirilməsi də planlaşdırılır. Bu sahədə süni intellekt texnologiyalarının istifadəsinə istiqamətlənmiş vergi stimullarının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib.
E.CƏFƏRLİ