Bakıda ilk Akvakultura Forumu keçirilib
Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda dövlət və özəl sektorun təmsilçiləri, xarici ölkələrin iqtisadi qurumları və biznes icması, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təmsilçilərinin iştirakı ilə balıqçılıq təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə Azərbaycan akvakulturasında yüksək əlavə dəyərin yaradılmasında və balıqçılıq, eləcə də dəniz məhsullarının ixracının inkişafında özəl sektorla əməkdaşlığın gücləndirilməsi, xarici ölkələrin və şirkətlərin təcrübəsinin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın artırılması və digər məsələlərə diqqət yetirilib.
Bildirilib ki, ölkəmizdə akvakulturanın (su bioresurslarının yetişdirilməsinin) inkişafı məqsədilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib. Sənədə əsasən, balıqçılıq və akvakultura sahəsində səlahiyyətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kənd Təsərrüfatı Nazirliyinə verilib, “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb. “Elektron kənd təsərrüfatı” sistemində xüsusi balıqçılıq altsistemi fəaliyyət göstərir. Akvakultura üzrə prioritet zonalar kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hesab olunur.
Balıqçılıq müəssisələri güzəştli kredit alacaq
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, balıqçılıq və akvakultura sektorunda istifadə edilən avadanlıq və texnologiyaların dövlət güzəşti ilə təmin olunması, həmçinin müxtəlif balıq növlərinə görə məhsul subsidiyasının ayrılması hədəflənir. Bu məqsədlə “Balıqçılıq və akvakultura haqqında” yeni qanun qəbul olunub və həmin təsərrüfat sektorunda fəaliyyət göstərən sahibkarlar üçün yeni fəaliyyət imkanları təmin edilib.
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qanunda edilmiş dəyişiklik isə balıqçılıq müəssisələri üçün güzəştli kreditləri nəzərdə tutur. Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə sahibkarlara güzəştli kreditlər veriləcək.
Hədəf 2030-cu ilədək illik istehsalın 7700 tona çatdırılmasıdır
Bu sahənin hüquqi bazasının təkmilləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması, eləcə də akvakultura aqroparklarının yaradılması məqsədilə, Nazirlər Kabineti sentyabrda müvafiq qərar qəbul edib. Qərara əsasən, Aqrar Subsidiya Şurası tərəfindən akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq ediləcək. 2027-ci il yanvarın 1-dən etibarən tətbiq olunacaq subsidiya və güzəştlər paketi çərçivəsində qızılbalıqkimilər və nərəkimilər balıqlarına hər tona görə 2000 manat, şəkərkimilər və nərəkimilər balıqlarına isə hər tona görə 600 manat məhsul subsidiyası veriləcək. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.
Ümumilikdə, güzəşt və dövlət dəstəyi tədbirləri Azərbaycanda peşəkar akvakultura təsərrüfatlarının genişlənməsini, sayının artmasını və məhsuldarlığın yüksəlməsini təmin edəcək. İllik istehsal həcminin mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması planlaşdırılır. Eyni zamanda, akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə bir neçə dəfə artırılması hədəfinə çatmaq mümkün olacaq.
FAO Azərbaycana dəstək verməyə hazırdır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi bildirib ki, su ehtiyatlarından səmərəli istifadə, balıq ehtiyatlarının qorunması və bərpası bir sıra ekoloji tələblərə riayət olunmasını zəruri edir. Azərbaycanın Xəzər dənizindəki ərazisi və daxili suları effektiv balıqçılıq idarəetməsi və məsuliyyətli akvakulturanın təmin edilməsi üçün əlverişlidir. Bu ehtiyatların əldə edilməsi üçün su heyvanlarının sağlamlığı, səmərəli su istifadəsi və iqlim riski haqqında daha yaxşı sistemin qurulması da vacib çağırışdır. Bu prinsiplər FAO-nun Mavi Transformasiya strategiyasında əsas yer turur rəhbərlik edir. Təşkilat digər dövlətlərin təcrübəsini, yeni texnologiyaların tətbiqi ilə balıqçılıq təsərrüfatlarının inkişafını dərindən izləyərək müxtəlif ölkələrdə bu sahəyə öz dəstəyini göstərir. FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır və bu sahədə tərəfdaş ölkələri yeni təsərrüfatların qurulmasına yönləndirə bilər.
Balıqçılıq obyektlərinin ətraf mühitə təsirləri qiymətləndiriləcək
Akvakulturanın inkişafı ilə yanaşı, ekoloji mühitə təsirləri də diqqət mərkəzində saxlanılacaq. Bu məqsədilə bir neçə gün əvvəl balıqçılıq və iri təsərrüfatların fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişiklər edilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair mövcud məhdudiyyətlərin tətbiq edilmədiyi istiqamətlər sırasına balıqçılıq sahəsi də daxil olunub. Dəyişiklik balıqçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin müvafiq qanunvericilik çərçivəsində yoxlanılması imkanlarını genişləndirib. Balıqçılıq infrastrukturu, o cümlədən akvakultura təsərrüfatları üçün də konkret istehsal həcmi müəyyən edilib. Balıqçılıq obyektlərinin illik istehsal həcmi 500 ton və ya daha çox olduqda həmin layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi tələb ediləcək. Bu tələb balıq yetişdirilməsi və digər akvakultura fəaliyyəti üçün nəzərdə tutulan iri istehsal layihələrinə şamil olunur.
E.CƏFƏRLİ