Hazırkı qanunvericilikdə istifadə olunmayan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsi imkanı mövcuddur. Lakin Beynəlxalq Əmək Təşkilatının ölkəmizdə ratifikasiya etdiyi 132 saylı Konvensiyaya əsasən, minimum illik məzuniyyət əmək münasibətlərinin davam etdiyi müddətdə pul kompensasiyası ilə əvəz edilməməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Əmək Məcəlləsində və digər sənədlərdə dəyişik edilməsi ilə bağlı qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, qeyd olunan beynəlxalq əmək standartına uyğunluğun təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə dəyişiklik olunması və 21 təqvim günü müddətində əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi isə, istisna olaraq saxlanılır. Həmçinin əmək məzuniyyətinin başqa vaxta keçirilməsinin hüquqi əsasları və tətbiq qaydalarının dəqiqləşdirilməsi təklif olunur.