“AIREX 2026” sərgisi daşınmaz əmlak bazarında yeni əməkdaşlıq imkanları yaradacaq
Bakıda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi “AIREX 2026” işə başlayıb. Sərgidə Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edir. Tədbir “PAŞA Property Management” və “Baku Expo Management”in təşkilatçılığı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AZ?ROMO və Azərbaycan Daşınmaz Əmlak Rieltorlar Assosiasiyasının dəstəyi ilə keçirilir.
“AIREX 2026” beynəlxalq daşınmaz əmlak və tikinti sərgisi Azərbaycanın tikinti, şəhərsalma, qiymətləndirmə və daşınmaz əmlak sektorlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Yerli və xarici yaşayış, kommersiya layihələrinin təqdimatı, sahə mütəxəssisləri və beynəlxalq nümayəndələrin iştirakı ilə investorlar və sahibkarlar üçün birbaşa görüşlərin keçirilməsi sərginin əhəmiyyətini əks etdirir.
“Şəhərsalma və Memarlıq İli”nə töhfə “Şəhərsalma və Memarlıq İli”nə təsadüf edən belə bir beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın əmlak bazarı və tikinti sektoru, infrastruktur və innovasiya sahəsi üzrə iştirakçılar üçün mühüm əhəmiyyət daşıyır. Tədbir müasir şəhərsalma həllərinin, dayanıqlı tikinti prinsiplərinin və rəqəmsal texnologiyaların müzakirəsi Azərbaycanın urbanizasiya proseslərinin, infrastruktur inkişafının və daşınmaz əmlak bazarının beynəlxalq təcrübə ilə uzlaşdırılması üçün əlavə imkanlar yaradır. Xarici investorların yerli bazara marağının artması əmlak haqqında etibarlı məlumatlara, şəffaf qiymətləndirmə mexanizmlərinə və beynəlxalq standartlara uyğun peşəkar xidmətlərə tələbatı da artırır. Bir sözlə, tədbir tikinti sektoruna aid ən qabaqcıl texnologiyalar, yeni inşaat modelləri üzrə təcrübələrin bölüşülməsi, təchizatçılar və tikinti peşəkarlarının yeni işgüzar əlaqələrinin qurulması, potensial tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi baxımından əlverişli fürsət və imkanlar deməkdir.
Sərgi çərçivəsində təşkil olunan beş panel iclasda Azərbaycanın şəhərsalma perspektivləri, yeni yaşayış və infrastruktur layihələri, brend rezidensiyalar, premium yaşayış konsepsiyaları, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti və müasir texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub. Bu isə ölkəmizin tikinti biznesi təmsilçiləri ilə xarici investorlar arasında potensial tərəfdaşlığın qurulması baxımından mühüm fürsət deməkd?r.
Əmlak bazarına investorların marağı arta bilər
Tədbirin təşkilatçılarından biri olan “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev bildirib ki, “AIREX 2026” daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada birləşdirmək və sektorun inkişafına töhfə vermək baxımından mühüm təşəbbüsdür. Sərgi həm mənzil almaq və yaşayış şəraitini yaxşılaşdırmaq istəyən şəxslər, həm də daşınmaz əmlaka investisiya yatırmağı planlaşdıran investorlar və sektorun peşəkar iştirakçıları üçün nəzərdə tutulub. İştirakçı tərəflər yerli layihələrlə yanaşı, xarici daşınmaz əmlak bazarları ilə maraqlanan ziyarətçilər də beynəlxalq şirkətlərin nümayəndələri ilə birbaşa görüşmək imkanı əldə edəcəklər. Bu isə yerli və beynəlxalq daşınmaz əmlak layihələrinin konsepsiyası, infrastrukturu və inkişaf perspektivləri ilə yaxından tanış olmaq imkanı yaradacaq. Eyni zamanda, yeni işgüzar əlaqələrin qurulmasına, investisiya imkanlarının qiymətləndirilməsinə və daşınmaz əmlak sektorunda əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.
Qarabağ və Şərqi Zəngəzurda investisiya qərarları üçün yeni imkanlar
Sərginin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin qlobal təqdimatıdır. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra tikinti sənayesinin yeni landşaftı formalaşıb - Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı inşaat layihələrinin icrası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun yaradılması genişmiqyaslı tikinti proqramlarını ərsəyə gətirməkdədir. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.
B?lgədə həyata keçirilən infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və şəhərsalma planlarının icrası tikinti, daşınmaz əmlak, xidmət və digər əlaqəli sahələr üçün yeni iqtisadi imkanlar formalaşdırır. Bu, ərazilərdə investisiya imkanlarının reallaşdırılması üçün yalnız infrastrukturun yaradılması deyil, mülkiyyətin hüquqi statusunun, iqtisadi dəyərinin və investisiya risklərinin düzgün müəyyənləşdirilməsi baxımından vacibdir. Bu konteksdə peşəkar qiymətləndirmə investisiya qərarlarının daha etibarlı məlumatlar əsasında qəbul edilməsinə və layihələrin iqtisadi səmərəliliyinin təhlilinə imkan yaradacaq.
Beləliklə, “AIREX 2026” sərgisi yerli bazar iştirakçıları ilə beynəlxalq investorları, aparıcı innovasiya şirkətlərini, nüfuzlu sənaye iştirakçılarını bir platformada birləşdirməklə, tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyənləşməsinə, peşəkar təcrübə mübadiləsinə və müasir bazar yanaşmalarının tətbiqinə sanballı töhfələr verəcək.
Eyni zamanda, Qarabağın quruculuq layihələrində yeni dəyərləndirmələri təşviq etməklə, yeni investisiya qərarlarının qəbul olmasında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ