44 günlük Vətən müharibəsində qazanılan Qələbə və onun ardınca əldə edilən nailiyyətlər müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Azərbaycan dövlətin hərbi-siyasi strategiyasının təntənəsi olaraq həm ölkə daxilində, həm də regional miqyasda köklü və tarixi dəyişikliklərə yol açıb. Postkonflikt dövründə müasir geosiyasi və geoiqtisadi reallıqlar yaradan Azərbaycan mühüm üstünlüklər qazanıb. Respublikamız ərazisində bütün əsas nəqliyyat-logistika layihələrini tam icra edib və modernləşdirib,
Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən trans-kontinental tranzit-logistika şəbəkələrini qurub və kommunikasiya qovşaqlarını daha da şaxələndirməkdədir.
Zəfərdən sonra yaranmış reallıqlar türkdilli dövlətlər arasında sıx inteqrasiyaları daha da möhkəmləndirib, Səmərqənd və Şuşa bəyanamələrinin mühüm bəndlərinə uyğun olaraq siyasi, iqtisadi, ticari və logistik imkanlar genişləndirilib. Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri olan Orta Dəhliz quruculuğu bölgənin xəritəsini dəyişməkdəddir. Azərbaycan və Qazaxıstanın müəllifi olduğu TransXəzər Fiberoptik Kabelinin istifadəyə verilməsi ilə regionda yeni rəqəmsal kommunikasiya habı formalaşıb. Bu arxitektura üzərində hazırda Türk dövlətləri tərəfindən “Rəqəmsal İpək Yolu” layihəsi reallaşmaqdadır. Müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hub”u formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq.
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəktini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu fəaliyyətə başlayıb. Fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Azərbaycanın TDT üzvləri ilə ticarət dövriyyəsi son 2 ildə 10 faizdən çox artıb. Eləcə də ölkələr arasında qarşılıqlı investisiya qoyuluşları artmaqdadır. Azərbaycanın tərəfdaş dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi 22 milyard dollara çatıb.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatında fəaliyyətini gücləndirməsi və qurumun tamhüqüqlu üzvü seçilməsi də regionda yeni iqtisadi-logistika fürsətləri yaradıb. Bu platforma Orta -Zəngəzur dəhlizi, Rəqəmsal İpək Yolu və “Altı ölkə – bir məhsul” kimi ortaq layihələrin icrasında mühüm əhəmiyyət kəsb etməkdədir.
Beləliklə, Zəfərdən ötən 6 il ərzində Azərbaycan öz geoiqtisadi mövqeyini daha da möhkəmləndirərək bölgədə və qlobal təchizat zəncirlərində əməkdaşlıq transformasiyasını yeni mərhələyə çatdırıb. Azərbaycanın təşəbbüsü ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən yeni tranzit və logistika layihələri ölkəmizin Asiya-Xəzər-Qara dəniz-Avropa bloklarında iqtisadi imkanlarını və tranzit potensiallarını gücləndirməklə, inkişaf hədəflərinə çatmasında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ