Qeyri-neft ixracı 20,8 faiz artıb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artaraq 3,6 milyard dollar təşkil edib. Təkcə oktyabr ayında ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 23 faiz çox - 414,2 milyon dollar olub. Ümumilikdə, ötən 10 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixrac dəyəri 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,2 faiz, qara metal məmulatların ixrac dəyəri 34 faiz, bitki və heyvan mənşəli piy-yağların ixrac dəyəri 27,1 faiz, mis və ondan hazırlanan məmulatların ixrac dəyəri 24,9 faiz, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri 16,1 faiz, pambıq lifinin ixrac dəyəri 14,2 faiz, tərəvəzlərin ixrac dəyəri 11,6 faiz , qəhvə və çayın ixrac dəyəri 10,9 faiz, yeməli meyvələrin ixrac dəyəri isə 6,7 faiz artıb.
Ötən 10 ay ərzində aqrar məhsulların ixrac dəyəri 12,7 faiz artaraq 866,9 milyon dollar, aqrar-sənaye məhsullarının ixrac dəyəri 28,8 faiz artaraq 334,9 milyon dollar, bütövlükdə isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 16,7 faiz artaraq 1,2 milyard dollar təşkil edib.
Çinə yeni qida malları ixrac olunacaq
Hazırda qeyri-neft məhsullarının ixracı ilə bağlı yürüdülən siyasətin əsas prioritetlərindən biri ənənəvi bazarlardan yeni ticarət nöqtələrinə çıxışın şaxələndirilməsidir. Bu siyasət çərçivəsində Mərkəzi Asiya, körfəz regionu və digər regionlarda ticarət missiyalarının təşkili nəzərdə tutulur. Eləcə də, həmin regionlarda fəaliyyət göstərən Ticarət Evlərinin dəstəyi ilə mal qruplarının strukturunun yenilənməsi planlaşdırılır. Məsələn, Azərbaycanın Çindəki ticarət Evlərində yeyinti məhsullarının tərkibinin daha da genişləndirilməsi məqsədilə yeni bazar marketinqləri araşdırılır. Hazırda Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Yaxın vaxtlarda markentinq araşdırmalarının nəticəsi olaraq qeyd edilən ölkənin bazarında yeni mal qrupları əlavə edilcək. Xurma ixracının Çindəki ticarət şəbəkələrinə çatdırılması mümkün olacaq ki, bu da hazırda həmin məhsulun satışında problemlərlə üzləşən sahibkarların işini asanlaşdıracaq. Bundan başqa, digər istiqamət kimi Yaxın Şərq bazarına da xurma və digər malların ixracı nəzərdə tutulur.
İxracyönümlü iqtisadiyyata keçidin təmin olunması
Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qlobal bazarlarda ərzaq ehtiyatları uğrunda rəqabətin güclənməsi də ixracın şaxələnməsini və dayanıqlığını aktuallaşdırır. Bu prosesdə Ticarət Evlərinin üzərinə böyük məsuliyyət düşür. Ticarət Evləri Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi üçün faydalı iqtisadi platforma rolu oynadığından ixrac xəritəsinin coğrafiyasını genişləndirilməsi üçün daha güclü tədqiqlərə ehtiyac var. Xüsusilə də, potensial ixrac bazarları olan ölkələrdə logistika mərkəzlərinin yaradılmasında bu strukturlarla fəaliyyətinin əlaqələndirilməsi mühüm çağırışlardan biridir.
Beynəlxalq məhsul sertifikatlarının alınmasını dövlət maliyyələşdirəcək
İxracla bağlı digər addım dövlətin institusional və maddi dəstəyinin artırılmasıdır. Artıq 2 aydır ki, dövlət qeyri-neft məhsulları ixracatçılarına çəkdikləri logistikası xərclərinin 70 faizinə subsidiya verir və xərclər dövlət tərəfindən qarşılanır. Subsidiya Şurasının qərarına əsasən, 2027-ci ildən beynəlxalq məhsul sertifikatlarının alınması da dövlət tərəfindən maliyyələşdiriləcək. Söhbət Global G.A.P, ISO və orqanik məhsul sertifikatları kimi beynəlxalq standartlardan gedir.
Beləliklə, fermerlər istehsalın təşviqi ilə yanaşı, logistika və sertifikatlaşdırma istiqamətlərində də dövlət dəstəyi alacaqlar.
Bütün bu dəstək mexanizmlərinin özəl sektorun istehsal etdiyi qeyri-neft məhsullarının dünya bazarına çıxarmasına xidmət edir. Bu isə öz növbəsində ixracatçıların fəaliyyətinin genişləndirilməsinə və yeni bazarlara çıxışa şərait yaradacaq. Xarici bazarlara çıxış imkanlarının genişlənməsi daxili bazarda rəqabəti artırmaqla, yerli şirkətləri daha keyfiyyətli məhsul istehsalına stimullaşdıracaq və beynəlxalq standartlara uyğun istehsal zəncirinin qurulması möhkəmlənəcək.
E.CƏFƏRLİ