Müasir dövrdə insanların böyük əksəriyyətinin iş fəaliyyəti oturaq şəkildədir. Qida təkcə fiziki deyil, həm də zehni və mənəvi sağlamlığımıza güclü təsir göstərir. Gündəlik oturaq iş rejimi isə bəzən qidalanma və həzmdə müəyyən problemlər ortaya çıxardır. Əlbəttə ki, belə rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir göstərir.
Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə sağlam həyat tərzi yaşamaq olar?
Həkim-dietoloq, uzunömürlülük üzrə ekspert Leyla Zülfüqarova "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, sağlam həyat yaşamaq istəyən hər bir insan pəhriz saxlamalıdır: "Bəzən insanlar "Kimlərə pəhriz olar, kimlərə olmaz" sualı ilə çıxış edirlər. Belə sualın qoyulması özü səhvdir. Pəhriz sözünün mənası həyat tərzi deməkdir. Loru dildə desək kimlər yemək yeməlidir və yaxud kimlər ac qalmalıdır sualına bənzəyir".
L. Zülfüqarova bildirir ki, insanların kökəlməsinin və arıqlamasının səbəbi məhz səhv qidalanmasıdır: "Pəhriz saxladığımız zaman ən çox buraxdığımız səhv ac qalmaqla bunu həyata keçirtməkdir. Pəhriz zamanı, bəzən dietik içkilər də istifadə olunur. Bu da sağlamlığımız üçün zərərli qida sayılır. Həkimin sözlərinə görə, yalnız o insanlar qida qəbulunu dayandırırlar ki, onların sağlamlıq durumu ağır olsun. Belə olduğu halda həmin insanlar sistem vasitəsilə lazimi maddələri qəbul edirlər.
Havar Şəfiyeva