Əmircan Bakının qədim kəndlərindən sayılır. Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. Əmircanın digər adı isə Xilədir. Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə, yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanıb.
Başqa adıyla Əmirhacıyan kimi bilinən bu kənd 14-cü əsrdə Şirvanşahlar dövrünə aiddir. O zaman Şirvanşahlar tərəfindən buraya Nizaməddin adlı birisi əmir təyin edilir. Ona Əmirhac deyirdilər. Əmirhacın əsas vəzifəsi Məkkəyə, həccə gedənlərə başçılıq etmək idi. Nizaməddin Əmirhac yerli əhali içərisində böyük şöhrət qazanmışdı. Hazırda bu kənddə qalmış qədim Nizaməddin məscidi də məhz onun adına 1329-1330- cu illərdə tikilib. Məscidin üstündəki kitabədə aşağıdakı sözlər yazılıb: “Bu Allah evinin tikilməsini həşəmətli Fəxrəddin oğlu əmir Nizaməddin Əmirhac əmr edib”.
Əmircandakı qədim abidələrdən biri də Əmirhacın türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir. Bu kənddə A. Bakıxanovun yaşadığı evin uçuq hasarı qalıb. Kənddəki iki minarəli əzəmətli məscidi Bakı milyonçusu və əslən əmirhacıyanlı olan Murtuza Muxtarov tikdirib. Məscidi məşhur memar-usta Mirzə Məlik Abbas oğlu tikib.
Suraxanıda və Əmirhacıyan ətrafında neft çıxarıldığından kənd əhlisinin çoxu əkinçiliyi tərk edərək, mədənlərdə fəhləlik edirdilər. Neft və təbii qazdan istifadə edərək, Əmirhacıyanda əhəng bişirən karxanalar var idi. Burada bişirilən əhəng ulaq və arabalarla daşınaraq, ətraf kəndlərdə satılırdı.
Əmirhacıyanda kustarçılıq ta qədimdən çox inkişaf etmişdi. Kənddə xüsusilə xalçaçılıq daha geniş yayılmışdı. Kənddə, demək olar ki, hər evdə hana qurulmuşdu. Burada bütöv bir xalçaçı nəsli yaradılmışdı. Əmirhacıyan qadınlarının toxuduqları xalça və xalılar, xüsusilə Xilə puta və Xilə əfşan xalıları daha məşhurdu.
Bu kənddən ziyalı dəstəsi: mühəndis, texnik, alim yetişmişdi. Neft istehsalı sahəsində ən güclü mühəndis və alimlərin əksəriyyəti bu kənddən çıxıb. Bütün dünya şöhrəti qazanmış rəssam Səttar Bəhlulzadə də bu kənddəndir.
Mikayıl