İslam incəsənətinin silinməz izləri
İncəsənət bəzən bir xalqın tarixini kitablar qədər dolğun danışır, bəzən isə daşlara həkk olunmuş naxışlarda, miniatürlərin incə cizgilərində, memarlıq abidələrinin əzəmətində bütöv bir sivilizasiyanın dünyagörüşünü yaşadır. İslam incəsənəti də məhz belə nadir mədəniyyət hadisələrindəndir. O, yalnız estetik zövqün ifadəsi deyil, həm də əsrlər boyu formalaşmış düşüncənin, mənəvi dəyərlərin, elmi axtarışların və müxtəlif xalqların ortaq yaradıcılıq təcrübəsinin bədii təcəssümüdür.
Hər il noyabrın 18-də qeyd olunan Beynəlxalq İslam İncəsənəti Günü bu zəngin irsə yenidən nəzər salmaq, onun bəşər mədəniyyətinə verdiyi töhfələri xatırlamaq və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün İslam incəsənətinin yalnız dini məkanlarla məhdudlaşmadığını, dünya mədəniyyətinin inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirir.
Bir dinin sərhədlərini aşan sənət dünyası
İslam incəsənəti dedikdə ilk növbədə məscidlərin möhtəşəm günbəzləri, zərif minarələr, mürəkkəb həndəsi naxışlar, xəttatlıq nümunələri və rəngarəng miniatürlər yada düşür. Lakin bu anlayış daha geniş məzmun daşıyır. O, İslam sivilizasiyasının yayıldığı müxtəlif coğrafiyalarda yaranan, fərqli xalqların ənənələri ilə zənginləşən çoxşaxəli yaradıcılıq dünyasını əhatə edir.
Ərəb, fars, türk, Azərbaycan, Mərkəzi Asiya, Şimali Afrika və digər mədəniyyətlərin təsiri ilə formalaşan bu sənət ənənəsi vahid estetik prinsiplərlə yanaşı, yerli xüsusiyyətləri də qoruyub saxlayıb. Məhz buna görə İslam incəsənətində həm ümumi bədii dil, həm də hər bölgənin özünəməxsus üslubu ilə qarşılaşırıq. Onun ən maraqlı cəhətlərindən biri gözəlliyi yalnız görünən formada deyil, məna və harmoniya daxilində axtarmasıdır. Təbiətdəki nizam, kainatın ahəngi, sonsuzluq və vəhdət ideyaları memarlıqdan dekorativ sənətə qədər müxtəlif istiqamətlərdə öz əksini tapıb.
Həndəsənin poetikası, naxışların gizli dili...
İslam incəsənətini digər bədii ənənələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri həndəsi ornamentlərin geniş istifadəsidir. Bir-birinə keçən ulduzlar, çoxbucaqlılar, dairələr və mürəkkəb simmetrik kompozisiyalar ilk baxışda sadəcə dekorativ element təsiri bağışlasa da, onların arxasında dərin riyazi bilik və incə estetik düşüncə dayanır. Bu naxışlarda təkrarlanan elementlər sonsuzluq təsəvvürü yaradır. Kiçik bir həndəsi fiqurdan başlayaraq bütöv səthi əhatə edən kompozisiyalar qurulur. Beləliklə, sənətkar həm dəqiq hesablamalar aparır, həm də adi həndəsi formaları vizual poeziyaya çevirir.
Bitki motivləri, stilizə edilmiş yarpaqlar, çiçəklər və budaqlardan ibarət islimi ornamentləri də İslam dekorativ sənətinin seçilən nümunələrindəndir. Bu motivlər daş, ağac, keramika, metal və tekstil üzərində fərqli texnikalarla işlənərək sənət əsərinə çevrilir.
Xəttatlıq: hərflərin sənətə çevrildiyi məkan
İslam incəsənətinin ən təsirli istiqamətlərindən biri xəttatlıqdır. Ərəb qrafikası ilə yazılmış mətnlər əsrlər ərzində yalnız məlumat daşıyıcısı olmayıb, həm də yüksək bədii dəyərə malik kompozisiyalara çevrilib. “Qurani-Kərim” ayələrinin məscidlərin divarlarında, günbəzlərində və əlyazmalarda xüsusi ustalıqla işlənməsi bu sənətin inkişafına böyük təkan verib.
Memarlıqda daşlaşan gözəllik
İslam incəsənətinin ən möhtəşəm təzahürlərini memarlıqda görmək mümkündür. Məscidlər, mədrəsələr, saraylar, türbələr, karvansaralar və digər tikililər funksionallıqla estetik gözəlliyin vəhdətini nümayiş etdirir. Məkanın quruluşu, işıqdan istifadə, günbəzlərin və tağların forması, fasadların bəzədilməsi xüsusi bədii yanaşma tələb edir. Müxtəlif dövrlərdə inşa edilmiş İslam memarlığı nümunələri göstərir ki, sənətkarlar hətta ənənəvi tikinti prinsiplərini belə yaradıcı şəkildə inkişaf etdirə biliblər.
İspaniyadakı Əlhambra sarayı, Hindistandakı Tac-Mahal, Türkiyədəki Süleymaniyyə məscidi və Özbəkistandakı Registan kompleksi bu irsin müxtəlif coğrafiyalarda qazandığı zənginliyi nümayiş etdirən məşhur nümunələrdəndir. Hər biri öz dövrünün memarlıq düşüncəsini, sənətkarlıq imkanlarını və mədəni mühitini əks etdirir.
Azərbaycanın özünəməxsus imzası
İslam incəsənətindən danışarkən Azərbaycanın bu böyük mədəni irsə verdiyi töhfələri xüsusi qeyd etmək lazımdır. Əlverişli coğrafi mövqeyi, Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşməsi, zəngin sənətkarlıq ənənələri Azərbaycanı İslam dünyasının mühüm mədəniyyət mərkəzlərindən birinə çevirib.
Azərbaycan memarlıq məktəbinin ən parlaq nümunələri sırasında Naxçıvan memarlıq məktəbinin banisi sayılan Əcəmi Naxçıvaninin yaradıcılığı xüsusi yer tutur. XII əsrdə inşa edilmiş Möminə Xatun türbəsi yalnız memarlıq abidəsi deyil, həm də daş üzərində həkk olunmuş həndəsi ornamentlərin, kufi yazıların və mürəkkəb dekorativ kompozisiyaların nadir vəhdətidir. Abidənin hər detalında sənətkarın riyazi dəqiqliyi ilə bədii təxəyyülünün birləşdiyini görmək mümkündür.
Yeganə BAYRAMOVA