Azərbaycan və Estoniya arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna geniş tərkibdə görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq proseslər ətrafında hərtərəfli müzakirələr aparıblar.

Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini alqışlayaraq, siyasi dialoqun gücləndirilməsinin, Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov estoniyalı həmkarını Estoniyanın Azərbaycanda səfirliyinin təsis edilməsi münasibətilə təbrik edərək, onun fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Görüşdə ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayaraq, növbəti iclasın yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Həmçinin nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, regionda baş verən son hadisələr və sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar barədə məlumatlandırıb.

O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də minaların yaratdığı humanitar çətinliklər barədə qarşı tərəfə məlumat verib.

Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran digər əsas məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşün yekununda nazirlərin mətbuat konfransı keçirilib və media nümayəndələrinin sualları cavablandırılıb.