Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili və xüsusilə gənclər üçün yaratdığı imkanlar məndə böyük təəssürat doğurdu. Müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək dialoq aparması üçün belə bir platformanın yaradılması olduqca əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qlobal Vətəndaşlıq Təhsili üzrə Gənclər Şəbəkəsinin üzvü, Şri-Lankadan olan Oşan Qunatilaka bildirib.
Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edən O.Qunatilaka vurğulayıb ki, Forum iştirakçılara təkcə digər gənclərlə deyil, həm də Azərbaycan hökumətinin nümayəndələri, qərarqəbuledici şəxslər və müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri ilə fikir mübadiləsi aparmaq imkanı yaradıb.
“Forum çərçivəsində gənclərlə qərar qəbul edən şəxslər arasında fəal müzakirələr aparıldı. Bu dialoqlar mədəniyyətlərarası və dinlərarası ünsiyyət, sülh, barışıq və sosial ədalət məsələlərində gənclərin töhfəsini müəyyənləşdirmək baxımından çox vacibdir. Burada əldə etdiyim bilik və təcrübəni öz ölkəmdəki təşkilatlarla bölüşməkdən, gələcəkdə hər iki ölkə arasında əməkdaşlığa töhfə verməkdən məmnunluq duyaram”, – deyə o əlavə edib.