Prezident İlham Əliyev: Müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır
Yeni nizamda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi artıq humanitar əməkdaşlıq məsələ olmaqla yanaşı, həm də qlobal təhlükəsizliyin, qarşılıqlı etimadın və davamlı sülhün təmin olunmasının mühüm şərtlərindən biridir. Beynəlxalq münasibətlərdə artan gərginliklər, münaqişələr, dini və milli zəmində ayrı-seçkilik, eləcə də müxtəlif cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları bu dialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, xalqların bir-birini tanıması, fərqli mədəniyyətlərə hörmətlə yanaşması və ortaq dəyərlər ətrafında birləşməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki qarşıdurmaların qarşısının alınması, etimadsızlığın aradan qaldırılması və beynəlxalq həmrəyliyin gücləndirilməsi yalnız güc amili ilə mümkün deyil. Bunun üçün açıq müzakirələrə, qarşılıqlı anlaşmaya və səmərəli əməkdaşlığa imkan verən beynəlxalq platformalara ehtiyac var.
Azərbaycan uzun illərdir ki, bu istiqamətdə ardıcıl siyasət yürüdür, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin təmsilçiləri arasında dialoqun inkişafına töhfə verir. Ölkəmizin təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan Bakı Prosesi bu siyasətin mühüm nümunələrindən biridir. Müxtəlif dinlərin, mədəniyyətlərin və dünyagörüşlərinin nümayəndələrini bir araya gətirən bu təşəbbüs zaman keçdikcə beynəlxalq əhəmiyyətli dialoq platformasına çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakının qlobal humanitar gündəliyin müzakirəsindəki mövqeyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın sülhə, tolerantlığa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelini də təqdim edir. Bu baxımdan oktyabr?n 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda verilən mesajlar yalnız mədəniyyətlərarası münasibətlərin deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminin gələcəyi üçün əhəmiyyətlidir. Bu, Azərbaycanın yürütdüyü müstəqil siyasətin təzahürüdür. Prezident İlham Əliyev oktyabr?n 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirdi ki, bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır.
Bakı Forumu qlobal dialoqun nüfuzlu platformasına çevrilir
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna beynəlxalq marağın artması Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi siyasətin nəticəsidir. Tədbirdə 2000-dən artıq iştirakçının qeydiyyatdan keçməsi, 100-dən çox ölkədən 500-dən artıq qonağın qatılması forumun coğrafi əhatəsini və beynəlxalq nüfuzunu göstərən mühüm göstəricilərdir. Bu rəqəmlərin arxasında yalnız iştirakçıların çoxluğu deyil, həm də müxtəlif
dövlətlərin, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqa artan ehtiyacı dayanır. Dünyanın mürəkkəb geosiyasi proseslərdən keçdiyi, münaqişələrin və ideoloji qarşıdurmaların dərinləşdiyi bir vaxtda belə platformaların əhəmiyyəti daha aydın görünür.
2011-ci ildən etibarən Bakı Prosesi çərçivəsində formalaşan əməkdaşlıq təcrübəsi göstərir ki, mədəniyyətlərarası dialoq yalnız nəzəri müzakirələrlə məhdudlaşmamalı, real problemlərin həllinə xidmət etməlidir. Forum müxtəlif dinlərə, mədəniyyətlərə və sivilizasiyalara mənsub insanların ortaq məsələləri müzakirə etməsi, fərqli mövqelərin yaxınlaşdırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün imkan yaradır. Onun əsas üstünlüklərindən biri dialoqun hər hansı siyasi və ya mədəni üstünlük iddiasına deyil, bərabərhüquqlu iştiraka və qarşılıqlı hörmətə söykənməsidir. Bu yanaşma xüsusilə beynəlxalq münasibətlərdə ikili standartların və ayrı-seçkiliyin ciddi müzakirə mövzusuna çevrildiyi indiki dövrdə əhəmiyyətlidir.
Forumun 15 illik inkişaf yolu Azərbaycanın bu istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini təsdiqləyir. Bakı artıq müxtəlif beynəlxalq təşəbbüslərin keçirildiyi məkan olmaqla kifayətlənmir, həm də qlobal problemlərin müzakirəsinə öz töhfəsini verən tərəf kimi çıxış edir. Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və qurulan əlaqələr xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edir. Ən əsası, forum beynəlxalq ictimaiyyətə göstərir ki, fərqliliklər qarşıdurma mənbəyi deyil, düzgün yanaşma və qarşılıqlı hörmət şəraitində əməkdaşlıq üçün imkan ola bilər. Məhz bu səbəbdən Bakı platformasına marağın artması təsadüfi deyil.
“Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir”
Bakı Forumunun əhəmiyyəti yalnız müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməsi ilə məhdudlaşmır. Bu platforma eyni zamanda müasir dünyanın qarşısında duran siyasi, humanitar və təhlükəsizlik problemlərinin müzakirəsi, onların həlli yollarının axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın “Ortaq gələcək naminə dialoq” mövzusunda beynəlxalq ictimaiyyətə ünvanladığı əsas mesajların mərkəzində əməkdaşlıq, ədalət, beynəlxalq hüquqa hörmət və dövlətlərin suverenliyinin qorunması prinsipinə sədaqət dayanır. Çünki davamlı sülhün təmin olunması üçün yalnız münaqişələrin dayandırılması kifayət etmir. Münaqişələri doğuran səbəblər aradan qaldırılmalı, dövlətlər arasında bərabərhüquqlu münasibətlər qurulmalı, xalqların təhlükəsizlik və inkişaf hüquqları təmin edilməlidir. Dövrümüzün ən mühüm reallığı olan əməkdaşlıq prinsipi ən ziddiyyətli məsələlərdə belə kompromisə nail olunması üçün ilkin açardır. Münaqişə yerinə əməkdaşlıq tezisi bölgələrə dağıdıcı deyil, qurucu bir gələcək vəd edir. Azərbaycan özünün timsalında bunu bariz şəikldə ortaya qoyur - biz postmüharibə dövründə qalibiyyət üstünlüyümüzü sabit gələcək üçün əməkdaşlıq müstəvisinə transfer etdik və kapitulyasiya imzalayan Ermənistan ilə Avrasiyanın mərkəzində yeni bir nəqliyyat dəhlizi yaratmaq ideyasını irəli sürdük. Bu, bütün dünya üçün bir nümunədir - 35 il davam edən münaqişəni biz başlatmamışdıq və hətta torpaqlarımız işğal altında olan dövrlərdə belə biz sülh prinsipini əsas götürürdük. Təəssüfləndirici haldır ki, Ermənistan bizim bu çağırışlarımıza adekvat cavab vermədi və bölgədə separatizmin, işğalın kökünü kəsmək üçün Azərbaycan özünün hüququndan istifadə edərək Vətən müharibəsinə başladı. İndiki halda müharibə aparan dövlətlər anlamalıdır ki, problemin dinc yolla həlli ən mühüm vasitədir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir: “Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır.
“Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq”
Bakıdan səslənən digər vacib bir mesaj qlobal dünyada ikili standartların aradan qaldırılmasıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməsi, ayrı-ayrı dövlətlərin milli maraqlarına və müstəqil siyasətinə təzyiq göstərilməsi qlobal etimad mühitinə ciddi zərbə vurur. Bir dövlətin suverenliyinə hörmət tələb edib digərinin hüquqlarını nəzərə almamaq beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır. Buna görə də Bakıdan səslənən çağırışlar ədalətin universal meyar kimi qəbul edilməsini, bütün dövlətlərə eyni yanaşmanın tətbiqini və siyasi fikir ayrılıqlarının dialoq yolu ilə həllini nəzərdə tutur. Bu yanaşma xüsusilə müharibələrin, regional qarşıdurmaların və geosiyasi rəqabətin genişləndiyi bir dövrdə aktualdır. Ən real misal isə məhz elə Azərbaycanın özüdür. Bəli, işğal dövründə BMT TŞ-nın məlum qətnamələri icra olunmadı. İkili standart bununla da yekunlaşmadı - ATƏT-in Minsk ?rupu məsələnin həllində vasitəçilik yerinə tərəfkeşlik etdi, işğalçı tərəfi qorudu. Hətta bəzi hallarda bizi bu işğal faktı ilə barı?mağa belə çağırışlara yol verildi. Amma əksi olsaydı, BMT TŞ-nın qətnamələri yerinə yetirilsəydi, ATƏT-in Minsk ?rupu layiqli şəkildə məsələnin həllinə yardım etsəydi, beynəlxalq aləm Ermənistanı işğal faktından əl çəkməyə məcbur etsəydi, ona qarşı hər hansı sanksiyalar yerinə yetirilsəydi, işğalçı dövlət özünün təcavüzkar siyasətdən geri çəkilməyə məcbur olacaqdı. Məhz bütün bunlar olmadığı üçün Ermənistan rəhbərliyi artıq 2018-ci ildən sonrakı mərhələdə daha da irəliyə gedərək yeni işğallar haqda bəyanatlar səsləndirdi. Nəticə isə göz önündədir - qətiyyətli Azərbaycan bir həmlədə öz torpaqlarını azad etdi, suverenliyini bərpa etdi. Amma biz istəmirik ki, dünyada yaşayan başqa dövlətlər və ya xalqlar bizim çəkdiyimiz əziyyəti çəksin. Prezident İlham Əliyev bildirib ki, biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq: “Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”.
“Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır”
Digər mühüm istiqamət milli, dini və mədəni fərqlərin qarşıdurma vasitəsinə çevrilməsinin qarşısını almaqdır. Sirr deyil ki, son dövlərdə dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xəttlə inkişaf etməsi müşahidə olunmaqdladır. Bütün bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Əhalisinin böyük bir qisminin müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidər, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarını, dini rituallarını keçirilməsinə şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan xalqı milli kökündən, dinindən asılı olmayaraq “Dəmir yumruq” kimi birləşərək milli həmərəylik nümayiş etdirdi. Bu isə qələbəmizdə böyük rol oynadı. Prezident İlham Əliyev bildirib ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır: “Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
“Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik”
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı hörmətin qorunması sabitliyin və etibarlı əməkdaşlığın başlıca şərtlərindən biridir. Təəssüf ki, bəzi güc mərkəzləri və dövlətlər öz siyasi baxışlarını universal meyar kimi təqdim edir, digər ölkələrin daxili proseslərinə təsir göstərməyə çalışırlar. Belə yanaşma bərabərhüquqlu tərəfdaşlıq prinsipinə zidd olmaqla yanaşı, dövlətlər arasında etimadın zəifləməsinə səbəb olur. Heç bir ölkənin özünü digərindən üstün tutaraq ona siyasi seçimlərini diktə etmək hüququ yoxdur.
Azərbaycanın xarici siyasət fəlsəfəsi məhz bu prinsipə əsaslanır. Rəsmi Bakı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərarvermə hüququna hörmətlə yanaşır. Ölkəmiz üçün beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqların uzlaşdırılması, bərabərhüquqlu dialoq və milli mənafelərin nəzərə alınması deməkdir. Bu yanaşma yalnız bəyanatlarla məhdudlaşmır, Azərbaycanın praktiki diplomatik fəaliyyətində də özünü göstərir. Müstəqillik tariximiz sübut edir ki, milli inkişafın əsas təminatı xalqın iradəsi, zəhməti və dövlətin ardıcıl siyasətidir. Azərbaycan ağır sınaqlardan, işğalın nəticələrindən və iqtisadi çətinliklərdən keçərək bu gün regional və beynəlxalq miqyasda mövqelərini möhkəmləndirib. Əldə olunan uğurların təməlində ölkənin öz resurslarından səmərəli istifadə etməsi, milli potensialını səfərbər etməsi və müstəqil qərarlar qəbul etməsi dayanır. Bu baxımdan, ikili standartlar və kənardan siyasi təzyiq cəhdləri nə ədalətli beynəlxalq münasibətlərə, nə də davamlı sülhə xidmət edir. Dövlətlər bir-birinin seçimlərinə hörmət etməyi bacarmalı, əməkdaşlığı diktə və müdaxilə üzərində deyil, etimad və bərabərlik əsasında qurmalıdırlar. Azərbaycanın mövqeyi aydındır: qarşılıqlı hörmət varsa, əməkdaşlıq üçün imkanlar genişlənir; suverenliyə müdaxilə cəhdi varsa, prinsipial mövqe qaçılmazdır. Prezident İlham Əliyev forumda qeyd etdi ki, ikili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir: “Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?
Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq. Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir”.
Pərviz SADAYOĞLU