TDT+ formatı...

TDT+ formatı...

Üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Oktyabrın 29-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

TDT XİN Şurasının iclasında...

İclasda çıxış edən nazir Ceyhun Bayramov ilk növbədə 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edib. Nazir beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib. Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

C.Bayramov 2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Bu çərçivədə üzv və müşahidəçi dövlətlərlə, eləcə də TDT Katibliyi ilə sıx əməkdaşlıq şəraitində müxtəlif səviyyələrdə çoxsaylı görüş və məsləhətləşmələrin keçirildiyi qeyd olunub. Çıxışda təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan 2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm nəticələri qismində vurğulanıb. Eyni zamanda, ticarət, investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

C.Bayramov sədrliyimiz dövründə görülən işlərdən danışıb

Azərbaycanın sədrliyi dövründə humanitar əməkdaşlıq, ortaq tarixi və mədəni irsin qorunması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi də əsas prioritetlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bu çərçivədə, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

C.Bayramov 2026-cı il ərzində xarici işlər nazirləri arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun davamlılığının və regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirib. Misal olaraq, İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul edilmiş Birgə Bəyanatda Azərbaycan və Türkiyənin təhlükəsizliyinə qarşı təhdidlər fonunda həmrəyliyin ifadə olunduğu, Nyu-York görüşündə isə TDT-nin BMT Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində birgə diplomatik səylərin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib. TDT-nin birgə bəyanatlarının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması praktikasının başlanması da qeyd olunub.

Nazir, eyni zamanda Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını  bildirib. Gələcəkdə mövcud mexanizmlərdən səmərəli istifadənin, qəbul olunmuş qərarların icrasının təmin edilməsinin, milli qurumların fəaliyyətinin və təşkilatın Katibliyinin monitorinq-koordinasiya rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov çıxışının sonunda Azərbaycanın sədrliyi dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkürünü bildirib, Türkiyəyə isə uğurlar arzulayıb.

Nardar BAYRAMLI