Millət vəkilləri 3 namizəd arasında seçim edəcəklər
Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc gündəliyə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin daxil edildiyini bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Bunlar-hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır. Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik şəxslərdir.
Z.Oruc çıxışında Azərbaycanda Ombudsman təsisatının formalaşması və inkişaf tarixinə toxunub. O, təsisatın fəaliyyət göstərdiyi dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının təmin olunması, dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Daha sonra İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, komitənin üzvləri Mübariz Qurbanlı, Vüqar Rəhimzadə, Elman Nəsirov, Səyyad Aran, Naqif Həmzəyev və digərləri müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sistemindəki əhəmiyyəti vurğulanıb, namizədlərin peşəkar hazırlığı və hüquq sahəsindəki təcrübəsi diqqətə çatdırılıb.
Tədbirdə Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də çıxış edərək göstərilən etimada görə Azərbaycan Prezidentinə təşəkkürlərini bildiriblər.
Müzakirələrin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI