“ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının keçirdiyi sorğunun nəticələrini obyektiv hesab edirəm. çünki bu gün Azərbaycan iqtidarının dövlətimizin inkişafı üçün gördüyü işlər, həyata keçirdiyi siyasət hamının gözü qarşısındadır. Eləcə də, Azərbaycan vətəndaşlarının bu siyasəti necə dəyərləndirdiyinin şahidiyik”. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova ABŞ “Gallup” təşkilatının postsovet ölkələrində keçirdiyi sorğunun nəticələrinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, “Gallup” Azərbaycan vətəndaşlarının real fikrini bir daha ümumiləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, əgər Prezidentlə xalqın birliyi olmasaydı, bu uğurlar da əldə olunmazdı. Bu fakt onu göstərir ki, dövlətin həyata keçirdiyi siyasi kurs xalqımız tərəfindən ciddi şəkildə dəstəklənir. “Hesab edirəm ki, bu sorğunun nəticələrinə şübhə etməkdənsə, həqiqətin gözünə dik baxmaq, faktı obyektiv dəyərləndirmək lazımdır” - deyə Milli Məclisin sədr müavini vurğulayıb.
N.BAYRAMLI