Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsinin II turuna dünən yekun vurulub. Finalda iştirak etmək hüququ qazanan beş gənc pianoçu arasında azərbaycanlı Toğrul Hüseynli də var. Bu gün keçiriləcək finalda T.Hüseynli ilə bərabər Aleksandr Yakovlev və İlya Maksimov (hər ikisi Rusiyadandır), Şimomura Misako (Yaponiya), Qoran Filipets (Xorvatiya) məharətini nümayiş etdirəcək. Müsabiqənin II turunda müxtəlif ölkələri təmsil edən 13 gənc pianoçu iştirak edib. İkinci turda Azərbaycanı Nərgiz Kəngərli, Abuzər Manafzadə, Toğrul Hüseynli və Günel Kazımova təmsil ediblər. Həmin turda gənc pianoçuların hər biri 4 əsər ifa edib. Onlar dünya və Avropa bəstəkarlarının, eləcə də Qara Qarayevin, Cövdət Hacıyevin əsərlərini də səsləndiriblər.