TRIPP layihəsinin icrasına start verilib
Artıq Zəngəzur Dəhlizi (TRIPP marşrutu) ilə bağlı müzakirələr mərhələsi arxada qalıb. Təxminən 42 kilometrlik beynəlxalq əhəmiyyətli marşrutun yaradılmasının hüquqi çərçivələrinin müəyyənləşdirilməsi işləri yekunlaşdırılaraq noyabrın 23-də onun Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən praktiki müstəvidə icrasına start verilib. Bununla bağlı ABŞ Prezidenti Donald Tramp videomüraciət yayıb.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.
Vaşinqtonda təməli qoyulan TRIPP layihəsi qalib Azərbaycanın təşəbbüsüdür
Artıq icrasına start verilən TRIPP marşrutunun əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Ağ Evdə - dünyanın bir nömrəli ofisində baş tutan görüşdə qoyulub. Görüş çərçivəsində aparılan müzakirələrin ən mühüm nəticələrindən biri məhz regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırlmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. Dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzi sayılan ABŞ-nın Prezidenti D.Trampın şahidliyi ilə imzalanan sənəddə oxuyuruq: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Vaşinqtonda əsası qoyulan TRIPP marşrutunun yaradılması təşəbbüsü qalib Azərbaycana məxsusdur. Əvvəla, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərlə respublikamızın yaratdığı yeni reallıqlar regionda sülh prosesinin başlaması və bu çərçivədə bəhs olunan layihənin reallaşdırılması üçün zəmin formalaşdırıb. Eyni zamanda, Prezident İlham Əliyev siyasi qətiyyət və uzaqgörənlik nümayiş etdirməklə müharibənin başa çatmasını bildirən üçtərəfli bəyanata yeni marşrutun yaradılması ilə bağlı müvafiq müddəanın salınmasına nail olub. Sonrakı mərhələdə isə qalib Azərbaycan Ermənistanın manipulyasiyalarının qarşısını almaqla sülh prosesini və kommunikasiyaların açılması ilə bağlı təşəbbüsünü Vaşinqton görüşünədək irəlilətməyə nail olub.
Vaşinqton görüşündən sonra Zəngəzur Dəhlizinin yaradılması ilə bağlı hüquqi çərçivələr müəyyənləşdirilib. Xüsusilə də cari ilin may ayında ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana baş tutan səfəri çərçivəsində TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin paraflanmas Zəngəzur Dəhlizinin yaradılmasında yeni bir mərhələ açıb. Bundan sonra Ermənistan parlamenti 28 oktyabr 2026-cı il tarixində 63 deputat lehinə, 32 deputat əleyhinə olmaqla ABŞ ilə “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” layihəsi üzrə strateji əməkdaşlıq çərçivə sazişini ratifikasiya edib.
Eyni zamanda, layihənin həyata keçirilməsi üçün “TRIPP Development Company” (Tramp Marşrutunun operatoru) şirkəti yaradılıb. Müvafiq razılaşmaya əsasən, Ermənistan layihənin inkişaf etdirilməsi hüququnu 49 il ərzində bu şirkətə verib. Şirkətin səhmlərinin 74 faizi ABŞ-nin, 26 faizi isə Ermənistanın payına düşür. Razılaşmanın daha 50 il uzadılmasından sonra Ermənistanın payı 49 faizə qədər artacaq. Həmçinin, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur.
TRIPP-in inkişafı üzrə şirkət multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidməti, xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin toplanması və generasiyası, eləcə də TRIPP marşrutunun idarə edilməsi üçün müstəsna hüquqa malikdir.
Əməliyyat şirkəti tərəfindən idarə olunacaq mümkün obyektlərə bunlar daxildir: dəmir yolu infrastrukturu, avtomobil yolları, körpülər və tunellər, enerji və rəqəmsal in?rastruktur (fiber-optik kabellər), həmçinin köməkçi obyektlər və təhlükəsizlik sistemləri.
Razılaşmaya əsasən, şirkətin gəlir mənbəyi təmin edilən infrastruktura çıxış haqqı, kommersiya fəaliyyəti, icarə, xidmət haqları və digər mənbələr olacaq. Şirkət “front office-back office” modelində fəaliyyət göstərəcək. “Front-office” sənədlərin qəbulu və yoxlanılması, informasiya dəstəyi, vəsaitlərin toplanması (vergilər birbaşa Ermənistan büdcəsinə köçürüləcək) və inzibati məsələlər ilə məşğul olacaq.
Öz növbəsində, Ermənistanın dövlət orqanlarından ibarət “back-office” son gömrük qərarlarını verəcək, təhlükəsizlik nəzarətini təmin edəcək, miqrasiya nəzarəti, yoxlamalar həyata keçirəcək və icazələr verəcək.
İndiki regional və qlobal reallıqlar şəraitində TRIPP marşrutunun artan önəmi
Regional və qlobal miqyasda yaranan yeni reallıqlar fonunda Zəngəzur Dəhlizinin önəmi daha da artır. Ekspertlər də Ağ Evin TRIPP marşrutu ilə bağlı fəallığını hazırkı geosiyasi və geoiqtisadi reallıqlar fonunda ABŞ-ın Cənubi Qafqaz regionunda, o cümlədən də Orta Dəhlizdə (Transxəzər marşrutu) artan marağı ilə əlaqədar olduğunu bildirirlər. Hazırda Şərqi Avropada Rusiya ilə Ukrayna arasında uzanan müharibə, Yaxın Şərqdəki gərginlik qlobal miqyasda təhlükəsiz bağlantıların önəmini heç vaxt olmadığı qədər artırıb. Xüsusilə də Hörmüz boğazında vəziyyətin qeyri-müəyyən qalması, burada su yolu ilə daşımaların məhdudlaşdırılması qlobal iqtisadiyyatda təchizat zəncirini pozub, bazarlarda neft və qaz qiymətləri artıb, aqrar sektorda kəskin karbamid qıtliğı yaşanır. Müşahidə edilən bu və ya digər proseslər dünya dövlətlərini alternativlər axtarışına sövq edir. Zəngəzur Dəhlizi Orta Dəhlizin yeni bir seqmentini təşkil edəcək. Azərbaycanın da fəal üzvlərdən biri olduğu Transxəzər marşrutu hazırda dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Çinlə Avropa arasında etibarlı bağlantını təmin edir. Lakin təhdid riskləri ilə üz-üzə qalan bir sıra ənənəvi marşrutların funksionallığının azalması fonunda Orta Dəhlizin yüklənməsinin getdikcə artması müşahidə edilir. Belə olan halda şaxələnmənin zəruriliyi ön plana keçir. TRIPP marşrutu məhz bu şaxələnməni təmin edəcək. Belə ki, Mərkəzi Asiyadan Azərbaycana ötürülən yüklər Gürcüstan istiqaməti ilə paralel şəkildə, Azərbaycanın əsas hissəsindən keçməklə Ermənistan və Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırlacaq. Bu marşrutda moderatorluğun təmin edilməsi ABŞ-a böyük iqtisadi və siyasi dividentlər vəd edir.
Razılaşmaya əsasən, Birləşmiş Ştatların layihənin həyata keçirilməsindən əldə edəcəyi faydalar bunladır:
-ABŞ investisiyaları, biznesi və malları üçün yeni bazarların açılması;
-Xammal, kritik minerallar və nadir torpaq metallarının ABŞ bazarlarına tədarükü üçün ticarət əlaqələrinin təmin edilməsi;
-ABŞ, Avropa və Asiya arasında ticarət marşrutlarının sayının artırılması, geosiyasi dəyişikliklərdən asılı olmayaraq insanların və malların hərəkətinin təmin edilməsi və s.
Yeni marşrutun girişi və çıxışı Azərbaycandan keçir
İcrasına start verilən TRIPP marşrutu regional və qlobal bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər. Qardaş Türkiyə üçün daha böyük həcmlərdə yük tranzitini həyata keçirmək imkanları yaranacaq.
Zəngəzur Dəhlizinin yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində dalan vəziyyətdə düşüb. Hazırda Ermənistanın geniş dünyaya çıxışı yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Lars keçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki xüsusilə də qış aylarında buradakı dağ silsilələrindən keçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçinin yenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görə İran üzərindən keçən yollar da əlverişli deyil. TRIPP marşrutunun yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq.
Əsas məsələlərdən biri isə heç şübhəsiz ki, TRIPP marşrutunda Azərbaycanın maraqlarının təmin edilməsidir. Əvvəla, Şimal-Cənub, Şərq-Qərb marşrutlarında olduğu kimi, Zəngəzur Dəhlizində də əsas bağlayıcı ölkə qismində Azərbaycan çıxış edir. Yeni marşrutun girişi və çıxışı məhz respublikamızın ərazisindən keçir. Bu isə o anlama gəlir ki, Azərbaycanın iştirakı olmadan TRIPP marşrutundan bəhs etmək də əbəsdir.
Lakin məsələ yalnız ölkəmizin əlverişli coğrafi yerləşməsi ilə bağlı deyil. Burada söhbət ilk növbədə Vaşinqtonda imzalanan sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsindən gedir. Bu müddəa Azərbaycan üçün prinsipial önəm daşıyır. Respublikamız bəhs olunan məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikiası Azərbaycanın ayrılmaz hissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinə görə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxşıvan əhalisi çətin vəziyyətdə qalıb. Zəngəzur Dəhlizinin açılması ilə Naxçıvan əhalisinin çətinliklərinə də son qoyulacaq.
Eyni zamanda, TRIPP marşrutu fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. TRIPP marşrutu bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək.
Azərbaycan bu kimi amilləri nəzərə almaqla TRIPP marşrutunun mümkün qədər tez açılmasının tərəfdarıdır və buna güclü siyasi iradə sərgiləyir. Paralel şəkildə, ölkəmizin ərazisində Zəngəzur Dəhlizi ilə bağlı infrastrukturun yaradılması istiqamətində qızğın iş gedir. Belə ki, nəzərdə tutulan avtomobil yolunun və dəmiryolunun tikintisi üzrə böyük iş həcmi yerinə yetirilib və layihələrin icrası hazırda son mərhələdədir. Bütövlükdə, Azərbaycanda TRIPP layihəsinin icrası Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmləndirilməsi, regional blokadaların aradan qaldırılması və Orta Dəhlizin potensialının artırılması baxımından tarixi addım kimi qiymətləndirilir.
Mübariz ABDULLAYEV