“Qara qutu”su yoxa çıxan helikopter qəzası...

“Qara qutu”su yoxa çıxan helikopter qəzası...

Qarakənd faciəsindən 35 il ötür

Tale elə gətirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalıb. Təxminən üç onilliyi əhatə edən işğal dövründə ermənilər ən qəddar formada sayı-hesabı bilinməyən müharibə cinayətləri törədiblər.

Belə cinayətlərdən biri də 35 il bundan əvvəl tarixin bu günü?də - 1991-ci il noyabrın 20-də baş verib. Həmin gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında faciəvi hadisə yaşanıb - içərisində Azərbaycanın görkəmli ziyalılarının və dövlət xadimlərinin olduğu hərbi helikopter vurularaq partladılıb.

Faciənin təfərrüatları gizlədilirdi

Faciə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olublar.

Aradan 35 il ötüb. Bununla belə, hələ Qarakənd faciəsinin bütün qaranlıq məqamlarını aydınlaşdırmaq mümkün olmayıb. Çoxlu sayda şübhə dolu məqamlar var. Əvvəla, onu qeyd edək ki, faciə baş verən vaxtı hərbi vertalyotun vurulması ilə bağlı ictimaiyyətə yanlış məlumat verilib. Belə ki, vertalyotun pis hava şəraiti ilə əlaqədar qəzaya uğradığı bildirilib. Sonradan bu məlumat təkzib edilib və vertalyotun vurulduğu etiraf edilib. Sual isə dəyişməz olaraq qalır: Faciə niyə gizlədilirdi? Bunun göstərişi haradan gəlmişdi?

“Ölüm siyahısı”nın hazırlanmasındakı müəmmalar

Yuxarıda Qarakənd səmasında partladılan vertalyotda həyatlarını itirən insanların adlarını sadaladıq. Buradan da faciə ilə əlaqədar daha bir  müəmma yaranır: Niyə Azərbaycan cəmiyyətinin, necə deyərlər, qaymaqları eyni bir vertalyotla silahlı toqquşmalar baş verən  münaqişə bölgəsinə göndərilmişdi?

Faciə ərəfəsində, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Səbəb kimi də həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması göstərilir. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən Dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecə ikən “ölüm siyahısı” təcili qaydada yenilənir, Belə ki, Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Ayaz Mütəllibov təsdiqləyir.

“Qara qutu” “əriyib” bəhanəsi ilə açılmadı...

Bundan sonra digər bir müəmmalı hərəkət izlənilir.  Qaydalara görə, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertalyotlar mühafizə məqsədilə müşayiət etməliydilər. Bu da baş verməyib. Heç kim vertalyotun mühafizəsi barədə danışmayıb.

Ucaq qəzalarında “qara qutular” ümid yeri kimi görünür. Azərbaycan ictimaiyyəti gözləyirdi ki, “qara qutu” oxunduqdan sonra Qarakənd faciəsinin gizli qalan sirləri açılacaq. Ancaq gözləntilər əbəs idi. Diqqət yetirək: Faciə ilə bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki rus qarnizonunun anası erməni olan hərbi prokuroru İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertalyotun “qara qutu”sunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz “qara qutu”ya yaxın buraxılmırlar. Bəhanə isə guya “qara qutu”nun partlayış nəticəsində əriyib sıradan çıxması göstərilib. Beləliklə, “qara qutu”nun hansı sirləri gizlətdiyini aşkarlamaq mümkün olmayıb. 

Hadisə yerindən 500-600 metr aralıda tapılan cəsədlərin gizlətdiyi sirlər

Müəmmaların siyahısı bununla da tamamlanmır. Hadisədən sonra cinayətlə bağlı müxtəlif iddialar səsləndirilib. Qəzaya uğrayan helikopterə yaxınlaşan maşın karvanını görən çobanın ifadəsinin silinməsi, azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin qəza barədə müxtəlif fikirlər səsləndirdikdən sonra həbsxanada müəmmalı şəkildə ölməsi, vacib istintaq detallarının itməsi faciənin hələ də qaranlıq qalan müəmmalarıdır.

Hadisə yerinə ilk çatan şəxslərin və şahidlərin sözlərinə görə, bəzi sərnişinlərin cəsədləri helikopterin qalıqlarından 500-600 metr aralıda tapılıb. Bu fakt həmin şəxslərin qəzadan sağ çıxıb uzaqlaşmağa çalışdıqlarını, lakin əraziyə gələn erməni silahlıları tərəfindən yerdə güllələnib yandırıldıqları ehtimalını gücləndirir.

Qisas qiyamətə qalmadı

Ermənilərin havadarlarının dəstəyi ilə bu cinayətə əl atmalarında əsas məqsədləri azərbaycanlıların gözünü qorxutmaq və onların doğma yurd yerlərindən çıxıb getmələrinə nail olmaq idi. Bir neçə ildən sonra ermənilər öz niyyətlərinə çatdılar. Yenə də havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal altına almağa və bir milyondan artıq soydaşımızı tarixi yurd yerlərindən qovmağa nail oldular.

Ancaq bu “uğur” müvəqqəti idi. Qisas qiyamətə qalmadı. Müzəffər Ordumuz 44 günlük müharibəni və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatını böyük qələbələrlə tamamlayaraq düşmənin burnunu ovdu və tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycanın bütün ərazilərində bayrağımız əzəmətlə dalğalanır, bizlərə sonsuz sevinc və qürur hissi yaşadır. Təsəlli yerimiz də elə bundadır. Şəhidlərimizin, o cümlədən də Qarakənd faciəsinin qurbanlarının qanı yerdə qalmayıb. İndi onların azad ruhları azad Vətənin göylərində dolaşır...

Mübariz FEYİZLİ