6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı

6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı

Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı Qanun layihəsinə əsasən üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının tələb olunması təklif edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.

O qeyd edib ki, əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Burada staj tələbi müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır.

“Mövcud hüquqi tənzimləmədə isə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir.

6 aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və eyni zamanda, gələcəkdə müavinətin məbləğinin artırılması üçün də daha sağlam əsas formalaşdırır”, - deyə nazir müavini bildirib.