Diabetdən qorunmaq üçün nələri bilməliyik?
İnsan bəzən özünü tamamilə sağlam hiss edir, gündəlik həyatını əvvəlki kimi davam etdirir, sevdiyi yeməklərdən zövq alır, işə gedir, ailəsi ilə vaxt keçirir. Lakin bütün bunların arxasında orqanizmdə səssiz şəkildə inkişaf edən bir problem gizlənə bilər. Nə ağrı olur, nə də hər zaman özünü dərhal büruzə verir. Söhbət müasir dövrün sağlamlıq problemlərindən biri olan şəkərli diabetdən gedir.
Diabet yalnız yaşlı insanların xəstəliyi hesab olunmur. Hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma, artıq çəki, irsi meyillilik və digər amillər bu xəstəliyin yayılmasına təsir göstərir. Üstəlik, diabet insanın yalnız qan şəkəri göstəricilərinə deyil, ürəyinə, böyrəklərinə, gözlərinə, sinir sisteminə və ümumi həyat keyfiyyətinə təsir edə bilir.
Hər il noyabrın 14-də qeyd olunan Ümumdünya Diabetlə Mübarizə Günü də məhz bu təhlükəyə diqqət çəkmək, insanları maarifləndirmək, erkən diaqnostikanın və düzgün müalicənin əhəmiyyətini xatırlatmaq məqsədi daşıyır. Bu günün əsas mesajı sadə, lakin həyati əhəmiyyətlidir: diabetlə yaşamaq mümkündür, əsas məsələ onu vaxtında tanımaq və düzgün idarə etməkdir.
Xəstəliyin yaranma mexanizmi bütün insanlarda eyni deyil. Diabetin bir neçə əsas növü mövcuddur:
Birinci tip diabet - immun sisteminin səhvən mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinə hücum etməsi nəticəsində yaranır. Bu zaman orqanizm insulin istehsal etmək qabiliyyətini itirir. Daha çox uşaqlarda və gənclərdə aşkar edilsə də, istənilən yaşda ortaya çıxa bilər.
İkinci tip diabet - ən geniş yayılmış formadır. Bu zaman hüceyrələr insulinə qarşı həssaslığını itirir, mədəaltı vəzi isə artan tələbatı qarşılamaq üçün kifayət qədər insulin istehsal edə bilmir. Artıq çəki, xüsusilə qarın nahiyəsində piylənmə, fiziki hərəkətsizlik, yaş və irsi meyillilik risk faktorları sırasındadır.
Hestasion diabet - hamiləlik dövründə meydana çıxan və adətən doğuşdan sonra azalan qan şəkərinin yüksəlməsidir. Lakin bu hal həm ana, həm də körpə üçün müəyyən risklər yarada, gələcəkdə ikinci tip diabet ehtimalını artıra bilər.
Burada vacib bir məqam var: diabet yalnız şirniyyat yeməyin nəticəsi deyil. Şəkərli qidaların həddindən artıq istehlakı, ümumilikdə qeyri-sağlam qidalanma və artıq çəki ikinci tip diabet riskini artıra bilər. Ancaq xəstəliyin yaranmasında genetik və metabolik amillər də mühüm rol oynayır.
Hansı əlamətlərə diqqət yetirməliyik?
Diabetin ən təhlükəli tərəflərindən biri onun uzun müddət gizli qala bilməsidir. Xüsusilə, ikinci tip diabet zamanı insan illərlə xəstəliyindən xəbərsiz yaşaya bilər. Bəzən isə diaqnoz yalnız başqa bir sağlamlıq problemi araşdırılarkən qoyulur.
Əslində, orqanizm müəyyən siqnallarla köməyə ehtiyacı olduğunu bildirir. Bu əlamətlərə diqqət yetirmək vacibdir:
Davamlı susuzluq və ağız quruluğu;
Tez-tez sidiyə getmək, xüsusilə gecələr;
Səbəbsiz yorğunluq və halsızlıq;
İştahanın artmasına baxmayaraq çəki itirmək;
Görmənin bulanıqlaşması;
Yaraların gec sağalması;
Əl və ayaqlarda keyimə, iynələnmə hissi.
Bu əlamətlərin hər biri başqa xəstəliklər zamanı da müşahidə oluna bilər. Buna görə yalnız simptomlara əsasən diabet diaqnozu qoymaq olmaz. Qanda qlükoza səviyyəsinin yoxlanılması və həkim müayinəsi vacibdir.
Yanlış təsəvvürlər də təhlükə yaradır...
Xəstəliklə mübarizədə tibbi biliklər qədər cəmiyyətdə formalaşmış yanlış fikirlərin aradan qaldırılması da vacibdir. Çünki bəzən insanlar məhz bu təsəvvürlərə görə müayinədən yayınır və ya müalicəni gecikdirirlər. Ən çox rast gəlinən yanlış fikirlərdən biri diabet xəstələrinin heç vaxt şirniyyat yeyə bilməyəcəyidir. Əslində, qidalanma fərdi şəkildə tənzimlənməli, karbohidratların miqdarı və ümumi qida balansı nəzərə alınmalıdır.
Digər yanlış fikir isə diabetin yalnız yaşlı insanlarda yarandığıdır. Halbuki birinci tip diabet uşaqlarda və gənclərdə də müşahidə olunur, ikinci tip diabet isə son illərdə daha gənc yaşlarda da qeydə alınır. Bəziləri də düşünür ki, qan şəkəri normaya düşübsə, artıq müalicəyə ehtiyac yoxdur. Halbuki göstəricilərin yaxşılaşması müalicənin nəticəsi ola bilər və həkimlə məsləhətləşmədən dərmanların dayandırılması düzgün deyil.
Yeganə BAYRAMOVA