Rusiyanın “Birinci kanalı” Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı reportaj hazırlayıb. Seçkiləri işıqlandırmaq üçün ölkəmizə gələn jurnalist Aleksandr Botuxov məntəqələrdə seçicilərin rahat səsverməsi üçün hər cür şərait yaradıldığını bildirib: “5 il əvvəllə müqayisədə seçici fəallığı 5 faiz artaraq, 50 faizdən 55 faizə yüksəlib”.
22 siyasi partiyanın iştirak etdiyi seçkilərin şəffaf və ədalətli keçdiyini AŞPA müşahidə missiyasının İspaniyadan olan nümayəndəsi Pedro Aqramunt da “Birinci kanal”a müsahibəsində təsdiqləyib. Eyni fikirləri Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov da deyib. O bildirib ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilib.