Baxımlı olmaq və gözəl görünmək üçün tələb olunan şərtlərdən biri də geyimdir. Cəmiyyətimizə baxanda görərik ki, qadınlar kişilərə nisbətən daha çox dəblə ayaqlaşmağa can atırlar. Mütəxəssislər bildirirlər ki, seçdiyi geyimlər bir çox hallarda insanların ruh halından xəbər verir. Artıq yay fəslinə daxil olmuşuq. Bu fəsildə isə xanımlar daha çox parlaq geyimlərdən istifadə etməyə üstünlük verirlər.
Modelyer Şəlalə Maqsudova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, 2024 - ci ildə dəb aləmində həm rəng, həm biçim baxımından bəzi dəyişikliklər olacaq: "Yay aylarında xanımlar şux, rəngli və açıq tonlara daha çox üstünlük verirlər. Lakin dizaynerlər bu yay mövsümündə qırmızı, yaşıl və yasəmən rənglərinə üstünlük verirlər. Hansı rənglərin dəbdə olmasından aslı olmayaraq xanımlarımızın sevdiyi rənglər var ki, qarderoblarında məhz həmin rənglər çoxluq təşkil edir".
Biçim formalarına gəlincə isə mütəxəssis qeyd edir ki, boş və uzun yarım klyoş, valanlı geyimlər daha dəbdə olacaq: "Yay fəslində xanımlar daha rahat geyimlərə müraciət edirlər. Hansı rəngin və biçim formalarının dəbdə olmasından asılı olmayaraq xanımlar öz tərzlərini tapmalı və geyinməlidirlər".
Havar Şəfiyeva