Müasir dövrdə biznesin bir çox sahələri gəlirli sayıla bilər. Lakin mütəxəssislərin sözlərinə görə hazırda xidmət sahəsi daha çox gəlirli hesab olunur. İnkişaf etmiş ölkələrdə isə digər ölkələrə baxanda bu, fərqli şəkildə təzahür olunur.
"Destec Group" idarə heyətinin sədri Sakit Səmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, inkişaf etmiş ölkələrdə məişət servisləri, kuryerlik, daşınma və s. sahələr daha çox rəğbət görür. Onun sözlərinə görə bununla yanaşı inkişaf etmiş ölkələrdə biznes infrastrukturu qlobal bazarda da aktiv olmağa çalışan mexanizm olduğu üçün öz yerini tutur: "Lakin istehsalat sahələrində, xüsusilə idxal olunmayan və xammalı olan ölkələrdə sənaye sahələri gəlirli görünür. İstehsalat sahəsi ona görə gəlirli hesab olunur ki, beynəlxalq bazarda yeni ehtiyaclar yaranır".
Mütəxəssis açıqlamasında onu əlavə edib ki, yeni qurulan şirkətlərin ilkin ərəfələrdə öz markalarını lazımi qədər tanıtdıra bilər: "Lakin qlobal marka olmaq üçün həmin şirkətlərin lT sektoruna ehtiyacları olur. Bu proqram təminatında həm də standartlaşmaya ehtiyac duyulur. Uğurlu biznes qurmaq üçün insan bildiyi və doğru analiz elədiyi sahəyə yiyələnməlidir. Digər istiqamətdə isə ən önəmli strategiya davamlılıq, yenilik və mütəmadi innovasiya axtarışında olmalarıdır".
Havar Şəfiyeva