Yay ayları ilə əlaqədar dəniz sularında çimən insanlarda infeksion xəstəliklərin artması müşahidə edilir. Dəniz sularından dəri, göz, qulaq, mədə - bağırsaq sistemi, sidik yolları infeksiyalarına yoluxma halları baş verir. Bunlardan ən çox yayılanı isə ishaldır.
"Ecoli", "Giardia", "Shigella" kimi mikrobların törətdiyi ishal cox zaman qusma ,halsızlıq ve qarında ağrı kimi əlamətlərlə də müşayət olunur. Bu mikroblara dəniz suyunun udulması nəticəsində yoluxur.
Bəs həkimlər bu infeksiyalara yoluxmamaq üçün hansı məsləhətləri verirlər?
Infeksionist Dr Əsmər Hüseynova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, suda olan "adenovirus" virusları gözdə qızartı, sulanma, qaşınma kimi əlamətlərlə biruzə verən konyuktivit törədə bilir. O, həmçimin qeyd edir ki, üzmə zamanı qulağa çirkli su dolduğundan xarici otit dediyimiz güclü qulaq ağrısı yaradan qulaq infeksiyasına yoluxur: "Bundan başqa sulardakı göbələklər cinsiyyət orqanlarında iltihabi infeksiyalar yarada bilir. Bu xəstəliklərə daha çox sidik ifrazının tezləşməsi, ağrılı olması, bel nahiyəsində sancışəkilli ağrılırın olması kimi əlamətlər törədir.
Bu kimi xəstəliklər azyaşlı uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlar üçün daha çox risklidir. Buna görə də 6 ayadək uşaqların və xronik immun çatışmazlığı olan insanların dənizə girməsi arzu olunan deyil".
Mütəxəssis onu da qeyd edir ki, dəniz sularından yayılan infeksiyalardan qorunmaq üçün təmizlik standartlarına uyğun çimərlikləri seçmək, insanların sıx olduğu ərazidən daha az istifadə etmək məsləhətlidir. Bundan əlavə üzmə gözlükləri, qulaq tıxaclarından istifadə etmək məqsədəuyğundur".
Havar Şəfiyeva