Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə “Taliban” hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament palatalarının spikerləri ilə görüşündə bildirib.
“Qazaxıstan Əfqanıstanla iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və “Taliban” hərəkatının ölkədəki nüfuzunun uzunmüddətli amil olduğunu nəzərə alaraq, onları terrorçular siyahısından çıxarıb”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regiondakı əlaqələrə fəal cəlb olunmasıdır. Kasım-Jomart Tokayev, həmçinin Almatı şəhərində BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləməyə çağırıb.