Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. yeniazerbaycan.com-un “İRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı İran və Rusiya liderləri arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqla yanaşı, Qafqazdakı vəziyyət, həmçinin Əfqanıstan və Suriyadakı durum ətrafında fikir mübadiləsi aparılıb.
Xəbərdə qeyd edilib ki, tərəflər iri müştərək investisiya layihələrinin həyata keçirilməsini, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyəti, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyəti və digər məsələləri də müzakirə ediblər.