Müasir dövrdə gərgin iş həyatı və maddi ehtiyaclar səbəbindən valideynlər övladlarına lazımi vaxtı ayıra bilmirlər. Daim məşğul olan valideynlərin övladına ayıra bilmədiyi zamanın nəticəsi olaraq sonradan bir çox problemlər ortaya çıxır. Uşaq zorakılıqları, bullinq, intihar, evdən qaçma halları, erkən ailə qurmağa meyilli olmaq və. s buna misal göstərə bilərik.
Ekspertlər bildirir ki, bütün bunlar uşaqlara lazimi diqqət ayırmamasının nəticəsində baş verir.
"Hər iki valideyni işləyən uşaqlar daha diqqətsiz qalır. Lakin kompensasiya etmək üçün həftə sonları, işdən sonrakı zamanlarda uşaqla ciddi şəkildə maraqlanmaq lazımdır". Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə bunu etməyən valideynlər də çoxdur: "Biz hamımız hazırda maddi rifahımızı yaxşılaşdırmaq üçün gecə- gündüz işləmək məcburiyyətindəyik. Tələbatlarımızı ödəmək üçün zaman bizdən daha çox işləməyi tələb edir. Təhsil, tibbi xidmətlər, qida məhsulları, yol-nəqliyyat xərclərimizi təmin eləmək üçün daha çox qazanmaq məcburiyyətindəyik. Bütün bunların kölgəsində də övladımız qayğıdan uzaq qalır. Həftə boyu onlardan əksik etdiymiz qayğımızı bərpa etməliyik".
L. Mehralı onu da qeyd edir ki, ona qayğı göstərən valideynin olduğunu uşaqlar hiss etməlidirlər: "Çünki valideyndən qayğı görməyən uşaqlar bunu kənarda axtarırlar və bəzi hallarda da mənfi cəhətlərini özündə əks etdirən ətrafla üzləşib zərərli vərdişlərə yiyələnirlər".
Havar Şəfiyeva