Müasir dövrdə ən böyük bəlaya çevrilən problemlərdən biri də narkomaniyadır. Hazırda bütün dünyada bu problemlə mübarizə qlobal səviyyəyə çatıb. “Ağ ölüm” adlandırılan xəstəlikdən ən çox əziyyət çəkənlər isə yeniyetmələr və gənclərdir.
Biologiya elmlər doktoru, psixoloq Namik Qüdrətov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, gənclərin narkotikə qoşulmağının səbəbi gündəlik problemlər, stress, depressiya və düşdüyü mühitdir. O bildirir ki, gənclər problemdən qaçmağın yolunu ya alkoqolizmdə, ya da narkomaniyada görürlər: "Narkotikdən istifadə edən insanlarda QİÇS - ə yoluxma ehtimalı çoxdur. Qeyd edək ki, QİÇS- dən dünyasını dəyişənlərin əksəriyyəti məhz narkomanlardır. Depressiyadan əziyyət çəkən insanlar emosional vəziyyətini yaxşılaşdırmaq üçün narkotikdən istifadə edir və problemlərini müvəqqəti unudurlar. "
Araşdırmalar göstərir ki, narkotik istifadəçiləri arasında genetik faktor da rol oynayır. Elə ölkələr var ki, orada narkotikdən istifadəyə icazə verilir. Eyni zamanda yoxsulluq, işsizlik, məişət zoraklığı da narkomaniyanın artmasına səbəb olan amillərdir.
Psixoloq açıqlamasında həmçinin bildirir ki, narkomaniya çətinliklə müalicə olunur: "Ölkəmizdə narkomaniyadan müalicə alınması üçün xüsusi klinikalar fəaliyyət göstərir.
Statistikaya baxsaq görərik ki, ölkəmizdə narkotikə qurşanma daha çox cənub zonasında müşahidə olunur. Hazırda Bakı kəndlərində də narkotik vasitələrə aludə olanların sayında artım var”.
Havar Şəfiyeva