8 Noyabr-Tariximizin ən şanlı Zəfər salnaməsi!

8 Noyabr-Tariximizin ən şanlı Zəfər salnaməsi!

 

     Azərbaycanın tarixi Qələbəsi xalqımızın çoxəsrlik tarixinin ən parlaq, ən şərəfli və ən yaddaqalan səhifəsi kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Bu Qələbə sadəcə torpaqlarımızın geri qaytarılması deyildi, bu, uzun illər sınmış qürurumuzun bərpası, milli ləyaqətimizin özünə qaytarılması, bir milyon soydaşımızın otuz illik yurd həsrətinə son qoyulması idi. Tarixə nəzər salsaq görərik ki, 1980-cı illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, ardınca başlayan hərbi təcavüz nəticəsində torpaqlarımızın iyirmi faizi işğal edilmiş, Xocalı kimi bəşəriyyətin görmədiyi faciələr törədilmiş, bir milyondan artıq insan öz doğma evindən, yurdundan didərgin düşmüşdü. O illərdə məcburi köçkün düşərgələrində böyüyən uşaqların Qarabağı yalnız şəkillərdən tanıması xalqımızın ən böyük kədəri idi. Uzun illər davam edən danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT-nin dörd qətnaməsi heç bir nəticə vermədi, beynəlxalq qətnamələr kağız üzərində qaldı, işğalçı tərəf isə hər gün status-kvonu möhkəmləndirməyə çalışırdı. Məhz bu illərdə Azərbaycan dövləti tarixi Qələbənin təməlini qoymağa başladı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə güclü və peşəkar ordu quruculuğu həyata keçirildi. Ordumuz ən müasir silahlar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli texnikalarla təchiz edildi, minlərlə zabitimiz Türkiyə və digər qardaş ölkələrdə ən yüksək səviyyədə təlim keçdi. Dövlət büdcəsinin böyük hissəsi məhz orduya ayrıldı. Paralel olaraq iqtisadiyyatımız gücləndi, beynəlxalq aləmdə nüfuzumuz artdı, diplomatik müstəvidə haqq səsimizi bütün dünyaya çatdırdıq. Biz hər zaman sülh istədiyimizi bəyan edirdik, lakin eyni zamanda Ali Baş Komandanın da dediyi kimi, lazım gələrsə, torpaqlarımızı hərbi yolla azad etməyə hər an hazır idik və bu hazırlıq xalq, dövlət və ordu birliyinin sarsılmaz həmrəyliyi ilə daha da möhkəmlənirdi.

     2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə cəbhəboyu təxribat törətməsi, dinc əhalimizi atəşə tutması artıq səbr kasasını daşıran son damla oldu və Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” adını alan bu əməliyyat qısa zamanda bütün xalqın Vətən müharibəsinə, milli mücadiləsinə çevrildi. Cəbhəyə könüllü yazılan minlərlə gənc, arxa cəbhədə orduya dəstək olan qadınlar, uşaqlar, ağsaqqallar bir daha dünyaya Azərbaycan xalqının yenilməz olduğunu göstərdi. Cəmi qırx dörd gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq dastanı, müasir hərb tarixində yeni bir səhifə yazdı. Düşmənin otuz il ərzində dərin qazılmış səngərlər, beton istehkamlar, minalanmış sahələrdən ibarət qurduğu və “alınmaz qala” adlandırdığı müdafiə xətləri Azərbaycan Ordusunun gücü qarşısında darmadağın edildi. Hər gün bir rayonun, bir kəndin, bir yüksəkliyin azad olunması xəbəri xalqımıza böyük sevinc gətirirdi və bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut və Suqovuşan azad edildi.Bu müharibənin zirvə nöqtəsi, taleyini həll edən ən həlledici anı isə noyabrın 8-də Qarabağın tacı, mədəniyyətimizin paytaxtı, hər bir azərbaycanlının qəlbində müqəddəs bir məkan olan Şuşanın azad edilməsi oldu. Sıldırım qayalar, keçilməz dağlar aşaraq, əlbəyaxa döyüşlə, yüngül silahlarla Şuşaya daxil olan xüsusi təyinatlılarımız əsl şücaət göstərdi. Şuşanın azadlığı düşmənin mənəvi cəhətdən tam çöküşü, ordusunun iflası demək idi və elə həmin gecə düşmən kapitulyasiyaya məcbur edildi, noyabrın 10-da Ermənistan təslim aktına imza atdı. Bu, sadəcə hərbi Qələbə deyildi, bu, eyni zamanda diplomatik, siyasi, informasiya və mənəvi cəbhədə də qazanılmış böyük Zəfər idi. Azərbaycan həm döyüş meydanında, həm də informasiya savaşında qalib gəldi.

     Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın azad edildiyi gün, yəni noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi elan edildi. Bu gün milli qürurumuzun, milli birliyimizin, yenilməzliyimizin rəmzidir. Bu Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionda yeni reallıqlar yaratdı, “Qarabağ Azərbaycandır!” şüarını bütün dünyaya qəbul etdirdi və qalib xalq statusunu qazandı. Ən əsası isə şəhidlərimizin qanı yerdə qalmadı. Vətən uğrunda canını fəda edən minlərlə şəhidimizin, sağlamlığını itirən, qazi adını şərəflə daşıyan oğullarımızın fədakarlığı sayəsində bu gün bayrağımız Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanır. Bu gün aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın öz yurdlarına qayıtması Qələbəmizin bəhrəsidir.

     Bu gün bağçalarda və məktəblərdə böyüyən,təlim-tərbiyə alan uşaqlar,şəhidlərimizin bizə əmanət qalan övladları artıq məğlub ölkənin deyil, qalib və qüdrətli bir dövlətin vətəndaşları kimi böyüyürlər. Onların gözlərində gələcəyin xoşbəxt Azərbaycanını görürük. Zəfər Gününü qeyd etmək həm də şəhidlərimizi dərin ehtiramla anmaq, qazilərimizə minnətdarlıq bildirmək və bu tarixi Qələbəni gələcək nəsillərə ötürmək deməkdir. Biz bu Qələbəni göz bəbəyimiz kimi qorumalı, tariximizi unutmamalı və hər zaman bir olmalıyıq, çünki bu Zəfəri bizə birliyimiz gətirdi. Yaşasın müstəqil Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın qalib xalqımız, Qarabağ Azərbaycandır!

 

Esmira Məmmədova

YAP Naxçıvan şəhər təşkilatı “Əliabad qəsəbəsi” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdiri