8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, Cənubi Qafqazın siyasi və geosiyasi reallıqlarını köklü şəkildə dəyişən əlamətdar hadisədir. 2020-ci ildə əldə olunan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə şərait yaratdı, xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin təntənəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində qarşıya qoyduğu mühüm strateji hədəfə çatdı. Bu tarixi nailiyyət güclü ordunun, məqsədyönlü dövlət siyasətinin və xalqımızın vahid məqsəd ətrafında sıx birləşməsinin məntiqi nəticəsi idi.
Təxminən otuz il davam edən işğal müddətində Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll edilməsi üçün səylər göstərdi. Ancaq Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, eləcə də davamlı təxribatları sülh danışıqlarının nəticə verməsinə imkan yaratmırdı. Mövcud vəziyyət ölkəmizi öz suveren hüquqlarını və milli maraqlarını qorumaq naminə qətiyyətli qərarlar qəbul etməyə vadar etdi. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, beynəlxalq hüququn tələblərinin həyata keçirilməsinin vacibliyini də ortaya qoydu. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqlara sadiqlik, qüdrətli dövlət quruculuğu və ardıcıl siyasi xətt tarixi ədalətin təmin olunmasında mühüm əhəmiyyətə malikdir.
Qazanılmış Zəfərin tarixi əhəmiyyəti yalnız döyüş meydanındakı uğurlarla bitmir. Cənab Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə yürütdüyü siyasət regionda yeni siyasi münasibətlərin qurulmasına, sülh prosesinin inkişafına və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılmasına xidmət edir. Dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər Azərbaycanın bölgədə sabitliyin təmin edilməsinə verdiyi önəmi aydın şəkildə nümayiş etdirir. Ölkəmiz öz milli mənafelərini qətiyyətlə müdafiə etməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı üçün də siyasi iradə ortaya qoyur.
Tarixi Zəfər Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə səbəb olmaqla yanaşı, türk dünyasında birlik və həmrəylik münasibətlərinin güclənməsinə də mühüm töhfə verdi. Ordumuzun yüksək döyüş qabiliyyəti, müasir hərbi strategiya və informasiya sahəsində aparılan sistemli fəaliyyət müharibənin uğurlu nəticələnməsində mühüm rol oynadı. Dövlət başçısının qətiyyətli və uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasi qərarlar vermək, öz prioritetlərini müəyyənləşdirmək və onları ardıcıl şəkildə reallaşdırmaq gücündə olduğunu göstərdi. Qazanılan Qələbə bir daha sübut etdi ki, xalqın rəhbərliyə olan etimadı, milli həmrəylik və dövlətin hərtərəfli gücü qarşıya qoyulan hədəflərə çatmaq üçün əsas amillərdir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Zəfərin davamı kimi xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yaşayış kompleksləri yaradılır, avtomobil yolları çəkilir, enerji təminatı sistemi qurulur, sosial infrastruktur obyektləri istifadəyə verilir, müasir “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları həyata keçirilir. “Böyük Qayıdış” proqramı əsasında keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə yerləşdirilməsi həmin ərazilərdə sosial və iqtisadi həyatın bərpasına geniş imkanlar açır. Görülən işlər göstərir ki, Azərbaycan yalnız işğalın ağır nəticələrini aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda gələcək nəsillər üçün müasir, təhlükəsiz və davamlı inkişaf modelinin əsasını formalaşdırır.
Zəfər Gününün daşıdığı mühüm məna və çağırışlardan biri də əldə edilmiş tarixi nailiyyətlərin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Bu məqsədlə Azərbaycanın müdafiə potensialının daha da artırılması, iqtisadi qüdrətinin gücləndirilməsi və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyinin qorunması xüsusi əhəmiyyət daşıyır. 8 Noyabr xalqımız üçün sonsuz qürur və fəxr günü olmaqla yanaşı, ölkəmizin qarşısında duran sülh, təhlükəsizlik və davamlı inkişaf vəzifələrini də gündəmə gətirir.Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycanın müstəqil dövlətçilik yoluna, milli həmrəyliyinə və gələcək uğurlarına olan inamı daha da möhkəmləndirir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini