Azərbaycan xalqının tarixi Qələbəsi

Azərbaycan xalqının tarixi Qələbəsi

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi həmrəylik nümayiş etdirərək, düşmənə dağıdıcı zərbələr endirmişdir.

Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı, əzmi, iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Zəfərinin şahidi oldu.

"Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. Mən hər zaman qazilərin yanında olacağam”deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Uca Bayrağımızı işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər həyata keçirilir. Cənab Prezident şəhid ailələrinin və qazilərin üzləşdikləri çətinliklərin tez və operativ həll olunması istiqamətində dövlət strukturlarına xüsusi tapşırıqlar vermişdir.

Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına dərin ehtiramla daim diqqət və qayğı göstərir.

Bu tarixi qələbənin əldə olunmasında Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Müzəffər Ali Baş Komandan kimi fəaliyyəti mühüm rol oynadı. Uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi Vətən müharibəsində əldə olunan uğurların əsasını təşkil etdi. Müharibə dövründə Cənab Prezident Azərbaycanın haqq mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı, diplomatik və informasiya mübarizəsini ardıcıl şəkildə davam etdirdi. Onun noyabrın 8-də xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etməsi xalqımızın yaddaşına əbədi həkk olundu. Bu xəbər uzun illərin həsrətinə son qoyaraq milyonlarla azərbaycanlıya böyük sevinc və qürur yaşatdı. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.