Azərbaycanın müasir siyasi tarixində müstəsna əhəmiyyətə malik hadisə

Azərbaycanın müasir siyasi tarixində müstəsna əhəmiyyətə malik hadisə

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində müstəsna əhəmiyyətə malik hadisədir. Həmin dövrdə ölkəmiz müstəqilliyin ilk illərinin ağır sınaqları ilə üz-üzə qalmış, siyasi qarşıdurmalar, idarəçilik böhranı, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi ciddi təhlükə altında qoymuşdu. Belə mürəkkəb şəraitdə Azərbaycan cəmiyyətində milli maraqları müdafiə edə biləcək, dövlət müstəqilliyinin qorunmasını əsas prioritetə çevirəcək güclü siyasi qüvvəyə ehtiyac yaranmışdı. Ölkənin ziyalıları və müxtəlif ictimai təbəqələrin nümayəndələri bu tarixi zərurəti nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevə müraciət etmiş, onun rəhbərliyi altında yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürmüşdülər. Məhz həmin müraciət və xalqın böyük etimadı əsasında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Təsis konfransında Heydər Əliyevin partiyanın sədri seçilməsi isə Azərbaycanın gələcəyinə dair böyük ictimai inamın və siyasi iradənin ifadəsi idi. Bu hadisə yalnız siyasi təşkilatın yaranması deyil, eyni zamanda milli dövlətçilik düşüncəsinin, xalqın birlik və həmrəylik istəyinin təşkilatlanmış formada meydana çıxması demək idi.

Yeni Azərbaycan Partiyasının formalaşması Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi məsuliyyət daşıyan siyasi prosesin başlanğıcı oldu. Partiyanın ideoloji əsasını təşkil edən azərbaycançılıq, milli birlik, müstəqillik, hüquqi dövlət quruculuğu və sosial ədalət prinsipləri sonrakı illərdə ölkənin inkişaf strategiyasının mühüm istiqamətlərinə çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edilməsində həlledici rol oynadı. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən dövlətçilik təfəkkürü və idarəçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində fundamental addımlar atıldı. Bu mənada Yeni Azərbaycan Partiyasının yaranması ilə başlanan siyasi xətt müstəqil dövlətimizin inkişaf tarixinin mühüm tərkib hissəsinə çevrildi. Partiya ötən müddət ərzində dövlətçilik maraqlarını, milli birliyi və Azərbaycanın strateji inkişaf hədəflərini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Bu siyasi irsin ən mühüm xüsusiyyətlərindən biri də dövlətin maraqlarının hər zaman fərdi və siyasi maraqlardan üstün tutulması prinsipidir.

Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsində mühüm siyasi platforma rolunu oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan qüdrətli dövlətə çevrilib, beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.