Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
İki ölkə arasındakı uzunmüddətli münasibətlərə yeni nəfəs və strateji dərinlik qazandıran Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı əməkdaşlığın keyfiyyətcə yeni, ali mərhələyə keçidini rəsmiləşdirən mühüm siyasi sənəddir. 1990-cı illərin əvvəllərindən, xüsusilə 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"ndən etibarən formalaşan bu münasibətlər ötən onilliklər ərzində qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və ortaq maraqlar əsasında inkişaf edərək sınaqdan çıxmış tərəfdaşlıq modelinə çevrilmişdir.
Bu sənəd mövcud əlaqələrin yalnız ənənəvi neft-qaz və enerji sektoru ilə məhdudlaşmayaraq çoxşaxəli xarakter aldığını təsdiqləyir. Bəyannamə yüksək səviyyəli siyasi məsləhətləşmələrin mütəmadi xarakter daşımasını, eləcə də müdafiə, kibertəhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə və regional sabitliyin qorunması sahələrində koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bu tərəfdaşlıq kontekstində daha da möhkəmləndirir.
Uzun illər Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru kimi çıxış edib və BP şirkəti vasitəsilə ölkənin enerji infrastrukturunun qurulmasında həlledici rol oynayıb. Yeni mərhələdə bu investisiya axını qeyri-neft sektoruna, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafına, karbonsuzlaşdırma layihələrinə, nəqliyyat-logistika dəhlizlərinə və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına yönəldilir. Eyni zamanda rəqəmsal transformasiya, süni intellekt, elmi-tədqiqat işləri və bilik iqtisadiyyatının qurulması istiqamətində Britaniya təcrübəsinin və texnologiyalarının Azərbaycana transferi iki ölkə arasındakı iqtisadi əlaqələrə müasir məzmun qazandırır.
Humanitar sahədə isə "British Council"un fəaliyyəti, ikili diplom proqramları və dövlət proqramları çərçivəsində yüzlərlə azərbaycanlı gəncin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil alması xalqlar arasında uzunmüddətli intellektual və mədəni bağların əsasını təşkil edir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə otuz ildən artıq davam edən uğurlu əməkdaşlığın məntiqi yekunu olmaqla yanaşı, həm də qlobal çağırışlar fonunda hər iki ölkənin uzunmüddətli geosiyasi və iqtisadi maraqlarına xidmət edən dayanıqlı yol xəritəsidir.