Kəlbəcər – qəhrəmanlıq tariximizin və Böyük Qayıdışın rəmzi

Kəlbəcər – qəhrəmanlıq tariximizin və Böyük Qayıdışın rəmzi

 

 

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcərin azadlığı uğrunda mübarizənin, xalqımızın sarsılmaz iradəsinin və torpaqlarımıza qayıdış əzminin təcəssümüdür.

Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmişdir. Zəngin təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları, tarixi və mədəni abidələri ilə seçilən bu diyar Azərbaycanın ən gözəl guşələrindən biridir. Lakin 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşmüşdür. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu dağıdılmış, təbii sərvətləri talan edilmişdir.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarılmışdır. Bununla da uzun illər davam edən həsrətə son qoyulmuş, Kəlbəcərin yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır.

Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Kəlbəcər şəhərində 524 ailə üçün nəzərdə tutulan yaşayış məhəlləsinin inşası, müasir sosial infrastrukturun yaradılması, yolların, elektrik və digər kommunikasiya xətlərinin çəkilməsi bölgənin gələcək inkişafına xidmət edir. Artıq rayonda məskunlaşma prosesi də davam edir. Doğma yurdlarına qayıdan sakinlər üçün təhlükəsiz, rahat və müasir yaşayış şəraiti yaradılır.

Bölgənin nəqliyyat infrastrukturunun yenidən qurulması da xüsusi əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, Murovdağ silsiləsində inşa olunan tunel və digər yol layihələri Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini daha da asanlaşdırır. Bu layihələr həm iqtisadi inkişaf, həm turizm potensialının reallaşdırılması, həm də əhalinin rahat gediş-gəlişi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri rayonun bərpası və inkişafının daim dövlət başçısının diqqət mərkəzində olduğunu nümayiş etdirir. 2021-ci il avqustun 16-da Kəlbəcərə səfəri zamanı dövlət başçısı Ömər aşırımı ilə tanış olmuş, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin, eləcə də Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa ediləcək tunelin təməlqoyma mərasimlərində iştirak etmişdir. Həmin səfər çərçivəsində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olmuş, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışını etmişdir.

Dövlət başçısının Kəlbəcərdə arıçılarla görüşü, şəhərdə Azərbaycan bayrağını ucaltması, hərbi hissədə yaradılmış şəraitlə tanış olması, dağıdılmış “İstisu” sanatoriyasına və yeni tikilən İstisu-Minkənd avtomobil yoluna baxışı rayonun bütün sahələrdə dirçəldilməsi istiqamətində görülən işlərin əhəmiyyətini bir daha göstərmişdir.

2023-cü il noyabrın 7-də Prezident İlham Əliyevin Kəlbəcər rayonunun Vəngli kəndinə səfəri də bölgənin gələcək inkişafına dövlət səviyyəsində göstərilən diqqətin növbəti nümunəsi olmuşdur.

Bu gün Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Bir vaxtlar dağıntılara məruz qalmış şəhər və kəndlər yenidən qurulur, yollar salınır, elektrik enerjisi və digər infrastruktur təminatı bərpa edilir. Kəlbəcərin zəngin turizm potensialının üzə çıxarılması, İstisu mineral bulaqlarının və müalicəvi imkanlarının yenidən dəyərləndirilməsi bölgənin iqtisadi həyatına mühüm töhfə verəcəkdir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü yalnız tarixi bir hadisənin qeyd edilməsi deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və Böyük Qayıdışın təntənəsidir. Kəlbəcərin yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin real nəticəsidir.

Bu gün üçrəngli bayrağımız Kəlbəcərin uca dağlarında dalğalanır. Kəlbəcər yenidən öz sakinlərinə qovuşur, dirçəlir və Azərbaycanın gələcəyinə doğru inamla addımlayır.

 

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri