Kəlbəcər: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

Kəlbəcər: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

25 noyabr Azərbaycan xalqının yaddaşında tarixi Zəfərin və milli qürurun təcəssümü kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilən Kəlbəcər Şəhəri Günü bu qədim yurdun azadlığa qovuşduğu tarixi günün əbədiləşdirilməsinə xidmət edir. 2026-cı ildə Kəlbəcərin işğaldan azad edilməsinin altıncı ildönümünü qeyd edirik.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 27 ildən artıq müddətdə ağır dağıntılara, talanlara və ekoloji terrora məruz qaldı. Lakin Azərbaycan xalqının doğma torpaqlara qayıtmaq inamı heç vaxt sarsılmadı. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində Kəlbəcər noyabrın 25-də döyüş meydanında əldə edilmiş Zəfərin davamı olaraq işğaldan azad edildi. Beləliklə, tarixi ədalət bərpa olundu.

Bu gün azad Kəlbəcər yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr şəhərin müasir simasının formalaşmasına, sosial və iqtisadi potensialının bərpasına xidmət edir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, tunellərin, enerji infrastrukturunun, yaşayış komplekslərinin və sosial obyektlərin inşası bölgənin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması isə Kəlbəcərin iqtisadi imkanlarının yenidən canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Böyük Qayıdış prosesinin Kəlbəcərdə də real nəticələr verməsi xüsusi sevinc doğurur. 2025-ci ilin avqust ayından etibarən keçmiş məcburi köçkünlərin şəhərə qayıdışına başlanılması uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin arzularının gerçəkləşməsinin ifadəsidir. Artıq Kəlbəcər yalnız qurulan şəhər deyil, həm də öz sakinlərinə qovuşan, həyatın yenidən canlandığı doğma yurddur.

Əminliklə söyləmək olar ki, Kəlbəcərdə həyata keçirilən bərpa və quruculuq işləri, zəngin təbii sərvətlərin və turizm potensialının səmərəli istifadəsi bu qədim diyarı Azərbaycanın ən mühüm inkişaf mərkəzlərindən birinə çevirəcək. Altı il əvvəl azadlığına qovuşan Kəlbəcər bu gün dövlətimizin gücünün, xalqımızın birliyinin və Böyük Qayıdışın parlaq rəmzidir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və xalqımızı təbrik edir, bu tarixi Zəfərin qazanılmasında əməyi olan qəhrəman şəhidlərimizi ehtiramla yad edirik.

 

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri